...

Avropa İttifaqının rəhbəri Aİ ölkələrini enerji təhlükəsizliyi məsələsində birliyə çağırıb

Energetika Materials 27 Yanvar 2009 17:08 (UTC +04:00)

Macarıstan, Budapeşt, 27 yanvar/ Trend , müxbir N.Popova/ Avropa İttifaqına (Aİ) sədrlik edən Çexiyanın Baş naziri Mirek Topolanek Aİ - nin bütün ölkələrini şəxsi enerji təhlükəsizliklərinin təmin edilməsi məsələsində ümumi strategiya nümayiş etdirməyə çağırıb.

"Avropa Birliyi təkcə Lissabon razılaşmasından deyil, həm də böhranlı vəziyyətlərin ümumi həllindən ibarətdir", - deyə Topolanek, çərşənbə axşamı Macarıstanda Avropanın enerji tədarükü mənbələrinin diversifikasiyası üçün nəzərdə tutulan "Nabukko" qaz kəməri layihəsinin perspektivlərinə həsr olunmuş sammitdə çıxış edərkən bildirib.

Onun sözlərinə görə, dünya maliyyə böhranı və yanvarda Rusiya ilə Ukrayna arasında baş verən qaz böhranı Köhnə Dünyaya alternativ layihələrdə birləşməli olduqlarını nümayiş etdirdi.

"Avropaya enerji stabilliyi lazımdır. Qaz tədarükünün texniki məsələləri həll olunmalıdır və o cümlədən, "Nabukko"nun (boru kəməri) yardımı ilə həll olunmalıdır", - deyə Topolanek bildirib.

Rusiya ilə Ukrayna arasında yanvarda baş vermiş qaz münaqişəsinin Avropaya təsirini şərh edən Topolanek bildirib ki, bu hadisələr fonunda Avropa " "Nabukko"nun reallaşdırılmasının sürətləndirilməsi barədə qərar qəbul edib".

"Avropa itkilərə məruz qaldı. Ukrayna ilə Rusiya arasında qısa müddətdə baş verən münaqişə ərzində Avropa "Nabukko"nun reallaşdırılmasının sürətləndirilməsi barədə qərar qəbul etdi", - deyə Çexiyanın Baş naziri bildirib.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Avropa İttifaqı ölkələrinə qaz ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilməsi 2010 - cu ilə təyin edilib. Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 mlrd. kubmetr olacaq. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Xəbər lenti

Xəbər lenti