...

Tbilisidə VIII Gürcüstan Beynəlxalq Neft və Qaz, Energetika və İnfrastruktur Konfransı keçiriləcək

Energetika Materials 1 Aprel 2009 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel / Trend /

Hər il keçirilən VIII Gürcüstan Beynəlxalq Neft və Qaz, Energetika və İnfrastruktur Konfransı GIOGIE aprelin 2-3-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində, Şeraton Metexi Palas Mehmanxanasında keçiriləcək. Bu barədə sərginin təşkilatçsı qismində çıxış edən "Iteca" şirkətinin məlumatında bildirilir.

GIOGIE konfransı peşəkar və nüfuzlu auditoriyanın daimi görüş yerinə çevrilib və Gürcüstanın energetika sektoruna maraq göstərən hər kəs üçün əsas tədbirdir. Gürcüstan Energetika Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Neft və Qaz Korporasiyası GIOGIE konfrans və sərgisinə rəsmi dəstək göstərir. Konfransın aparıcı sponsoru SOCAR Energy (Gürcüstan) şirkətidir. Konfransın sponsorları sırasında BP, Cross Caspian Oil & Gas Logistics LLC, SEACOR və Batumi Oil Terminal şirkətləri var.

Bu il GIOGIE konfransında dünyanın 13 ölkəsindən 200 nümayəndənin iştirakı gözlənilir. Tədbirin iştirakçıları arasında Gürcüstan, Azərbaycan, Norveç, Böyük Britaniya, Serbiya, Türkiyə və digər dövlətlərin 30 yüksək vəzifəli məruzəçisi var. Mini-sərgidə regionun aparıcı neft şirkətləri öz ekspozisiyaları ilə çıxış edəcək. Məruzəçilərin çıxışları aşağıdakı müzakirə mövzularını əhatə edəcək: Gürcüstanın neft, qaz, energetika və infrastrukturu sektorunda son işləmələr, əlavə nəqliyyat yollarının inkişaf etdirilməsi üçün qərbdən gələn sərmayənin təşviqi, Trans-Xəzər qaz kəmərinin yaradılması məqsədi ilə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin türkmən və qazax qazı ilə birləşdirilməsi potensialının öyrənilməsi, Qərbi Avropanın təbii qaz ilə təminatının, Türkiyə-Yunanıstan və Yunanıstan-İtaliya boru kəmərlərinin modifikasiyası və s.

            Çoxtərəfli ünsiyyət imkanlarından istifadə və konfransda müzakirə mövzusu olan mühüm məsələlər GIOGIE konfransını regionda işləyən şirkətlərin strategiyasının formalaşdırılması üçün dəyərli vasitəyə çevirir. Konfrans qabaqcıl texnologiyaların bazara yeridilməsi və mənimsənilməsi sahəsində xarici şirkətlərin və yerli bazarın topladığı təcrübəni təhlil etmək üçün nəzərdə tutulub və ən aktual məlumat almaq, habelə neft bazarının inkişafı ilə bağlı problemləri bu sahənin aparıcı fiqurları ilə müzakirə etmək imkanı verəcək.

Xəbər lenti

Xəbər lenti