...

Azərbaycan ixrac potensialını əhəmiyyətli dərəcədə artırıb - SOCAR

Energetika Materials 28 Aprel 2009 12:40 (UTC +04:00)
Azərbaycan ixrac potensialını əhəmiyyətli dərəcədə artırıb - SOCAR

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir E.İsmayılov, A.Bədəlova /

Azərbaycan ərazisindən neftin hazırkı sutkalıq tranzit həcmi təqribən 120 min barel təşkil edir. Bu həcmin 40 min bareli Qazaxıstanın "Tengiz" yatağından çıxarılan neftin payına düşür. Bu barədə Bakıda keçirilən III Xəzər neft-qaz ticarət-nəqliyyat konfransında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin müdür müavini Nuru Quliyev bildirib.

Qazaxıstan neftinin nəqli Bakı-Tbilisi-Ceyhan boru kəməri, həmçinin Gürcüstanın Batumi limanınadək dəmir yolu vasitəsilə Azərbaycan ərazisindən həyata keçirilir. Nəqlə ötən ilin oktyabrından başlanılıb.

SOCAR nümayəndəsinin sözlərinə görə, ötən il Azərbaycanın ixrac potensialı əhəmiyyətli dərəcədə artıb. "2009-cu ildə bu prosesin güclənəcəyi gözlənilir", - deyə Quliyev bildirib.

Hazırda Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə sutkada "Azəri-Çıraq-Günəşli" yataqları blokundan çıxarılan 750-800 min barel neft, "Şahdəniz" yatağından çıxarılan 40-50 min barel kondensat və 40 min barel Tengiz nefti nəql olunur. Bakı-Supsa neft kəməri vasitəsilə sutkada "Azəri-Çıraq-Günəşli" yataqları blokundan çıxarılan 80-100 min barel neft nəql olunur.

Onun sözlərinə görə, Azərbaycan neftinin tədarükü üçün Şimal-Şərq, həmçinin Mərkəzi və Şərqi Avropa bazarları perspektivlidir.

"Azərbaycan neftinin Avropaya ixracının artmasına səbəb olan amillər Avropa ölkələri tərəfindən xammal hasilatının azaldılması, idxal artımı, aşağısulfid və sulfid növləri arasında balans dəyişikliyi, həmçinin Avropa bazarının dizel yanacağı tələbatına meyilliliyidir", - deyə Quliyev vurğulayıb.

Avropada neftə tələbat sutkada 14-14,5 mln. barel təşkil edir. Bunun 70 faizi idxalın payına düşür.

Konfransın təşkilatçıları qismində Britaniyanın Confidence Energy şirkəti və Azərbaycan Dövlət Neft Akademiyası çıxış edir. İnformasiya dəstəyi Trend agentliyinə məxsusdur.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti