...

SOCAR Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlini artırır

Energetika Materials 28 Aprel 2009 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel / Trend /

Bu il Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə şəxsi neft nəqlini 2008-ci ildə tədarük olunan 1,3 mln. tondan 2,5 mln. tonadək artırmaq niyyətindədir. Bu barədə çərşənbə axşamı SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin müdir müavini  Nuru Quliyev bildirib. Bu boru kəmərindən istifadə Azərbaycan neftinin nəql marşrutlarının şaxələndirilməsi nöqteyi nəzərindən vacibdir.

Bakı-Novorossiysk boru kəmərinin operatoru 2007-ci ilədək Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) olub. Şirkət sonradan bu səlahiyyəti SOCAR-a verib. Bununla yanaşı, ABƏŞ üzrə tərəfdaşlar gələcəkdə ümumiyyətlə bu marşrutla neft nəql etmək niyyətində deyildilər. Lakin ötən ilin avqustunda Gürcüstanda baş verən hadisələr və elə həmin dövrdə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin dayandırılması səbəbindən ABƏŞ üzrə tərəfdaşlar (BTC layihəsinin iştirakçıları) bu marşrutla nəqli bərpa etməli oldular.

SOCAR nümayəndələri bildiriblər ki, Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlini artırmaq üçün əsas şərt Rusiya terminalında neft keyfiyyəti bankının olmasıdır. Bununla yanaşı, "Transneft" şirkəti (Rusiyanın neft nəqli inhisarçısı) ildə 5 mln. tondan artıq neftin nəqli şərti ilə neft keyfiyyəti bankını təqdim etməyə hazır olduğunu bildirib.

Bu marşrut üzrə nəql həcminin 5 mln. tona çatdırılması üçün Bakı-Novorossiysk boru kəməri ilə Azeri Light növlü Azərbaycan neftinin nəql edilməsi nəzərdə tutulub. Ümumi həcmin 2 mln. ton neftini SOCAR verməyə hazırdır. Qalan 3 mln. tonun təmin edilməsi üçün "Azəri-Çıraq-Günəşli" yataqları blokundan yüngül neft hasil edən ABƏŞ-in (operatoru BP-dir) iştirakçıları ilə danışıqlar aparılır. Bu gün öz neft paylarını Batumi limanınadək dəmir yolu ilə nəql edən Exxon və Devon şirkətlərindən başqa layihə üzrə bütün tərəfdaşlar öz neftlərini Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac edirlər.

Bu gün Bakı-Novorossiysk boru kəməri ilə neft nəqli zamanı Azərbaycan çıxışda (Novorossiysk limanına) başqa istehsalçıların nefti ilə qatışdırılması səbəbindən "Urals" markalı neft əldə edir.

Əvvəllər Rusiya Novorossiyskdə neft keyfiyyəti bankının yaradılmasının mümkün olduğunu bəyan etmişdi. Rusiyanın "Transneft" şirkəti hesab edir ki, Novorossiysk limanından yüklənən neft üçün keyfiyyət bankı sisteminin tətbiqi onun növündən asılı olaraq üç aydan səkkiz ayadək vaxt aparacaq.   

Novorossiysk limanında neft keyfiyyəti bankının tətbiqi zamanı xammal saxlanılması üçün əlavə anbarların tikintisi tələb olunmur. Keyfiyyət banknın yaradılması xammalın keyfiyyətindən asılı olaraq müxtəlif istehsalçıların neftinin dəyərinin hesablanma əmsalının tətbiqini nəzərdə tutur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti