Azərbaycan, Bakı, 13 may / Trend /
"Şahdəniz" layihəsi çərçivəsində "Mərhələ-2"nin reallaşdırılması üçün alqı-satqı müqavilələri, tranzit sazişi də daxil olmaqla, müəyyən şərtlər lazımdır. Bu barədə çərşənbə günü Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanla birgə Bakıda keçirilən mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Konfrans CNN Turk telekanalı ilə birbaşa yayımlanıb.
"Şahdəniz" layihəsinin hazırda reallaşdırılan birinci mərhələsi ildə 9 mlrd. kubmetrdən çox qazın hasilatını nəzərdə tutur. Bu həcmlər Azərbaycan, Gürcüstan və Türkiyəyə satılır. Reallaşdırılmasına 2014-cü ildə başlanacaq ikinci mərhələ çərçivəsində yataqda ümumi hasilat 20 mlrd. kubmetrə çatdırılacaq.
Prezidentin sözlərinə görə, hazırda Azərbaycanın təsdiq edilmiş minimal qaz ehtiyatları 2 trln. kubmetr təşkil edir, "və bu rəqəm əlavə qazma işlərinin aparılması hesabına iki dəfə artırıla bilər".
Prezident bildiribki, Azərbaycan qazı Türkiyə və Gürcüstana birbaşa tədarük edir, sonrakı illərdə tədarük həcmləri artırıla bilər və artırılacaq.
"Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir və bunu davam etdirəcək", - deyə İlham Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan neft və qaz sahəsində çoxistiqamətlilik və tədarüklərin şaxələndirilməsi siyasətini uğurla həyata keçirir. "Bu siyasət bizim maraqlarımıza cavab verir", - deyə Prezident bildirib.
"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzlanıb. Layihə iştirakçıları bunlardır: BP (operator) - 25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO - 9 faiz, SOCAR - 10 faiz. Bu yataqda ümumi qaz ehtiyatı 1,2 trln. kubmetr həcmində qiymətləndirilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]