...

OPEK-in növbəti toplantıda qərarı "gözləniləndir"

Energetika Materials 27 May 2009 10:38 (UTC +04:00)
OPEK-in növbəti toplantıda qərarı "gözləniləndir"

Azərbaycan, Bakı, 26 may / Trend , müxbir A.Bədəlova /

Bu həftə neft bazarında əsas hadisə mayın 28-də OPEK-in Vyanada keçiriləcək toplantısıdır. Bir çox ekspertlərin fikrincə, qurum neft hasilatı kvotasında dəyişikliklər etməyəcək.

Dünyanın ən böyük banklarından olan JPMorgan bankının analitikləri hesab edirlər ki, son dövrlərdə müşahidə olunan neftin qiymətində artım təşkilatın üzv ölkələrini qane edir və onlar çox güman ki, kvotaların məhdudlaşdırılması haqqında qərar qəbul etməyəcəklər.

Ötən həftə dünya bazarlarında neftin qiyməti əhəmiyyətli dərəcədə artıb. Həftənin sonuna Amerikanın yüngül nefti WTI-nin 1 barelinin qiyməti 61,67 dollar təşkil edib. Şimal Dənizi növlü Brentin 1 barelinin qiyməti 60,78 dollar olub. Ümumilikdə, həftə ərzində hər iki növün dəyəri demək olar ki, 9 faiz artıb.

OPEK-in hasilat kvotasının saxlanmasına dair qərarının gözlənildiyi bir vaxtda, çərşənbə axşamı səhər neftin qiyməti cüzi dərəcədə azalıb. Nyu-York əmtəə birjasında iyulda tədarük olunan WTI markalı neftin fyuçers müqaviləsinin qiyməti 0,69 dollar düşərək bir barelə görə 60,98 dollara çatıb, Brent neftinin iyul fyuçerslərinin qiyməti isə 0,21 dollar düşərək bir barel üçün 60 dollara çatıb.

OPEK-in qarşıdakı toplantıda hasilatı azaltması ehtimalının az olmasına baxmayaraq, qurumun üzv ölkələri mövcud kvotaların icrası üzrə iştirakçı ölkələrin intizamını gücləndirərək hasilatı azalda bilərlər, Bloomberg agentliyi Əlcəzairin neft naziri Şəkib Xəlilin sözlərinə əsasən yazır. Onun sözlərinə görə, üzv ölkələrin intizamının gücləndirilməsi sutka ərzində neft hasilatının 800 min barel azaldılmasına şərait yaradacaq.

Hazırda OPEK tərəfindən müəyyən edilmiş kvota sutka ərzində 24,845 milyon barel təşkil edir. Ötən il neftin qiymətinin kəskin azalması zamanı OPEK sutka ərzində neft hasilatını 4,2 milyon barel həcmində azaltmaq barədə iki dəfə qərar qəbul etmişdi. Lakin ötən ay elan edilmiş azaldılmalara baxmayaraq, OPEK-in hasilatının həcmi sutka ərzində 25,81 milyon barel təşkil edib və bu müəyyən edilmiş kvotadan sutka ərzində 965 min barel (və ya 3,88 faiz) artıqdır.

ABŞ-ın Dövlət Energetika İnformasiya İdarəsi (EIA) gözləyir ki, bu il OPEK-in ümumi neft hasilatının həcmi orta hesabla sutka ərzində 33,5 milyon barel təşkil edəcək və bu 2008-ci ildəki həcmdən 2 milyon barel azdır. 2010-cu ildə EIA-nın proqnozlarına görə, OPEK-in hasilat səviyyəsi sutka ərzində 34,4 miyon barel təşkil edəcək. Proqnozlara görə, 2009-cu ilin aprelində 4,3 milyon barelə qədər artan əlavə istehsalat gücü 2010-cu ildə sutka ərzində 5 milyon bareli keçəcək.

Neftin qiymətlərinin OPEK-in toplantısı ərəfəsində iki gün ardıcıl olaraq azalmasına baxmayaraq, proqnozlar kifayət qədər yüksək olaraq qalır. JPMorgan öz son məruzəsində 2009-cu ilə bir barel üçün qiymət (Brent) proqnozlarını 55,5 dollar və 2010-cu il üçün bir barelin qiymətini 65,5 dollara qədər artırıb.

Goldman Sachs investisiya bankının proqnozlarına görə, 2010-cu ildə neftin orta qiyməti 70 dollar olacaq. Bankın digər proqnozlarına əsasən, 2011-ci ildə neftin 1 barelinin qiymətinin 90 dollar səviyyəsinə qalxması mümkündür.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti