...

Enerji sahəsində əməkdaşlıq Azərbaycan və Polşa üçün çox vacibdir - Prezident İlham Əliyev

Energetika Materials 3 İyul 2009 15:01 (UTC +04:00)
Enerji sahəsində əməkdaşlıq Azərbaycan və Polşa üçün çox vacibdir - Prezident İlham Əliyev

Azərbaycanla Polşa arasında davamlı siyasi münasibətlər var. AzərTAc Dövlət İnformasiya Agentliyinin yaydığı məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Lex Kaçinskinin Heydər Əliyev ordeni ilə təntənəli təltifolunma mərasimindən sonra, polşalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib. 

İlham Əliyev bildirib ki, iqtisadi sahədə də müsbət nəticələr əldə olunub.

"İqtisadiyyat sahəsində müsbət nəticələr əldə olunub. Polşa-Azərbaycan birgə iqtisadi komissiyası müvəffəqiyyətlə işləyir və iqtisadi məsələlərin həlli sahəsində mühüm addımlar atılıb. Humanitar sahədə əməkdaşlıq inkişaf etdirilir", - deyə Azərbaycan Prezidenti bildirib.

"Polyaklar əsrlərlə Azərbaycanda yaşayıb və yaradıblar. Onların əsərləri, o cümlədən arxitektura sahəsindəki əsərləri bu gün də Bakını bəzəyir", - İlham Əliyev deyib.

Azərbaycan hökumətinin rəhbəri energetika sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.

"Son illər energetika sahəsində Polşa-Azərbaycan münasibətlərinin inkişaf etdiyini müşahidə edirik. Bu sahə Azərbaycan üçün olduğu kimi, Polşa və Avropa üçün də əhəmiyyətlidir. Bu istiqamətdə Polşa-Azərbaycan münasibətləri həm ikitərəfli, həm də geniş formatda inkişaf etdirilir. Krakov təşəbbüsü adlandırdığımız fəaliyyətlər geniş mənada regional əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir", - İlham Əliyev deyib.

Onun sözlərinə görə, artıq Odessa-Brodı-Qdansk neft kəmərinin texniki-iqtisadi əsaslandırılması da hazırlanıb.  

"Əminəm ki, qarşıdakı illərdə əldə olunan nəticələr əsasında biz yeni addımlar atmalıyıq. Bu sahədə artıq vacib tədbirlər görülür, Odessa-Brodı-Qdansk neft kəmərinin texniki-iqtisadi əsaslandırılmasına başlanılıb. Bu çox mühüm hadisədir. Ümid edirəm ki, gələcəkdə regional əməkdaşlıq məsələləri həll olunduqca, istədiyimizə nail olacağıq", - Azərbaycan Prezidenti bildirib.

İlham Əliyev həmçinin Xəzər - Qara dəniz - Baltik dənizi xətti ilə regioanl əməkdaşlıq məsələlərinə də toxunub.

"Bu gün biz Xəzər dənizi - Qara dəniz - Baltik dənizi xətti ilə regioanl əməkdaşlıq məsələlərindən danışırıq. Bu, həm enerji, həm də siyasi əlaqələri, o cümlədən, nəqliyyat və humanitar problemlərin həllini, bir sözlə bir çox məsələləri əhatə edir. Polşa-Azərbaycan ikitərəfli münasibətləri bu məsələlərin həllində cox böyük əhəmiyyət kəsb edir", - Prezident deyib.

Dövlət başçısı qeyd edib ki, Aİ ilə əlaqələrin fəallaşdırılması məsələləri də nəzərdən keçirilib.

"Polşa Azərbaycanın Aİ ilə əlaqələrinin gücləndirilməsi məsələsində çox vacib və əhəmiyyətli imkanlara malikdir və onlardan yararlanır. Yaxınlarda başlamış "Şərqi tərəfdaşlığı" proqramı, hesab edirəm ki, Aİ ilə Azərbaycan arasındakı münasibətlərdə yeni səhifədir və biz buna hazırıq. Biz enerji təhlükəsizliyi məsələlərinin həllinə öz töhfəmizi verməyə hazırıq. Digər məsələlərdə Azərbaycan və Aİ arasında qarşılıqlı hörmət əsnasında əla münasibətlər formalaşıb. Gələcəkdə biz bu münasibətləri dərinləşdirəcəyik. Bizim münasibətlərimiz geniş məna kəsb edir, bu münasibətlər bizim uğurlu inkişafımızı təmin edir, eyni zamanda Avropa və Azərbaycan arasındakı münsibətlərə böyük təsir göstərir", - Prezident qeyd edib.

İlham Əliyev əlavə edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən irəliləyişlər var.

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən irəliləyişlər var. Bütün məsələlər, bütün münaqişlər vahid prinsip əsasında həll olunmalıdır: istənilən ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşmaq lazımdır, istənilən ölkənin ərazi bütövlüyü toxunulmazdır. İstənilən münaqişə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məhz bu əsasda həll edilə bilər", - Prezident bildirib.

Xəbər lenti

Xəbər lenti