Azərbaycan, Bakı, 11 avqust / Trend , müxbir E.İsmayılov /
Yanvar-iyul aylarında SOCAR Georgia Petrolium (SOCAR Energy Georgia-nın törəmə şirkəti) Gürcüstan bazarında təxminən 232 min ton Azərbaycan neft məhsulları reallaşdırıb. Bu barədə çərşənbə axşamı SOCAR Georgia Petrolium-dakı mənbədən məlumat verilib.
"Belə ki, yeddi ay ərzində SOCAR Georgia Petrolium Gürcüstan bazarında təxminən 113 min ton benzin, 98,3 min tondan çox dizel yanacağı, 17,5 min tona yaxın aviasiya kerosini və üç min ton mazut satıb", - mənbədən bildirilib.
İyulda Gürcüstandakı şirkət 17,6 min ton avtomobil benzini, 14 min ton dizel yanacağı, 2,5 min ton aviakerosin reallaşdırıb. İyulda Gürcüstan bazarında mazut satılmayıb.
Mənbədən bir müddət əvvəl deyildiyi kimi, bu ilin ikinci yarısında SOCAR Georgia Petrolium Gürcüstan bazarında 221 min ton Azərbaycan neft məhsullarının realizəsini planlaşdırır. Cari ilin ikinci yarısında Gürcüstan bazarında 120 min ton avtomobil benzini, 83 min ton dizel yanacağı, 15 min ton aviasiya kerosini və üç min ton mazut reallaşdırmaq planlaşdırılır.
Bu ilin birinci yarısında SOCAR Georgia Petrolium Gürcüstan bazarında 197 min ton neft məhsulları satıb. Yanvar-iyun aylarında Gürcüstan bazarında 95 min ton benzin, 84 min ton dizel yanacağı, 15 min ton aviasiya kerosini və üç min ton mazut satılıb.
Mənbədən bildirildiyi kimi, ilin birinci yarısında şirkət ilin əvvəlində qoyulmuş təxminən 167 min ton təşkil edən planı artıqlaması ilə yerinə yetirib. Məhz bu səbəbdən bu il Gürcüstanın daxili bazarında planlaşdırılan 392 min tona qarşı 420 min ton neft məhsullarının rezallaşacağı gözlənilir. İlkin proqnozlara əsasən, bu il Gürcüstan bazarında 217 min ton benzin, 139 min ton dizel yanacağı, 30 min ton aviasiya kerosini və 6 min ton mazut satılmalıdır.
Azərbaycanın neft məhsulları Gürcüstan bazarının təxminən 50-60 faizini tutur. "Azərbaycanın dizel yanacağı bazarın təxminən 60 faizini, benzin isə 52-55 faizini tutur", - bir müddət əvvəl SOCAR Energy Georgia şirkətinin rəhbəri Mahir Məmmədov bildirmişdi.
ARDNŞ-nin tərkibinə daxil olan Azərbaycan Neft Emalı zavodlarında (NEZ) neft emalının ümumi həcmi yanvar-iyun aylarında təxminən 3 milyon ton olub.
2008-ci ildə Azərbaycan NEZ-də 7,35 milyon tona yaxın neft emal olunub.
Azərbaycanda cəmi iki NEZ var - bu Heydər Əliyev adına və Azneftyağ NEZ-ləridir. İki zavodun məcmu gücü ildə 20 milyon tondur. NEZ-lər öz vəsaitləri hesabına dəniz və qurudakı yataqlardan əldə etdiyi ildə 7 milyon ton nefti emal edən ARDNŞ-nin tərkibinə daxildir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]