Azərbaycan, Bakı, 23 sentyabr / Trend , müxbir İ.Xəlilova /
Azərbaycan hökumətinin və Dövlət Neft Fondunun (DNF) təşkilatçılığı ilə Bakıda Suveren Fondların Beynəlxalq Forumunun birinci iclası keçiriləcək. Bu barədə fonddan çərşənbə günü yayılan məlumatda deyilir.
Görüşdə 20-dən artıq ölkənin suveren fondlarının yüksək vəzifəli nümayəndələrinin iştirakı gözlənilir. Görüşdə qlobal iqtisadiyyatda və maliyyə bazarlarında inkişaf perspektivləri müzakirə ediləcək, həmçinin forumun gələcək fəaliyyətini müəyyənləşdirmək üçün iş planı razılaşdırılacaq. İclasın yekununa görə bəyanat hazırlanacaq.
Neft Fondunun icraedici direktoru Şahmar Mövsümovun bir müddət əvvəl verdiyi məlumata görə, dünyada, o cümlədən Səudiyyə Ərəbistanı, BƏƏ, Alyaska, Norveç, Küveyt, Rusiya, Qazaxıstan və Latın Amerikasında DNF-yə bənzər bir çox fondlar mövcuddur. Bu ölkələrə son zamanlarda maraq xeyli artıb. Bu marağı nəzərə alaraq, suveren fondlar forumun yaradılması ideyası ilə çıxış ediblər. Suveren Fondların Beynəlxalq Forumu Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Küveytdə keçirilən iclasında yaradılıb.
Forum bu il fəaliyyətə başlayacaq. İldə bir dəfə həmin forum çərçivəsində görüşlər keçiriləcək və bu görüşlərdə suveren fondla bağlı məsələlər müzakirə ediləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]