...

Azərbaycanda elektrik enerjisinin istehsalı azalıb

Energetika Materials 8 Oktyabr 2009 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 oktyabr / Trend /

Azərbaycanda yanvar-sentyabr aylarında təxminən 14 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib, bu göstərici 2008-ci ilin müvafiq dövrü ərzində 15,7 milyard kilovat-saat təşkil edib. Bu barədə "Azərenerji" ASC-nin cümə axşamı yaydığı məlumatda deyilir. Elektrik enerjisi istehsalının azalması istehlakın azalması ilə əlaqədardır ki, bu da elektrik enerjisi istifadəsinin səmərəliliyinin artırılması, sayğacların quraşdırılması və digər işlərlə izah olunur.

Yanvar-sentyabr aylarında istehsal olunan elektrik enerjisinin ümumi həcminin 12,4 milyard kilovat-saatdan çoxu yanacaq istilik elektrik stansiyalarının, təxminən 1,6 milyard kilovat-saatı isə su elektrik stansiyalarının payına düşür.

Sentyabrda "Azərenerji" tərəfindən 1,2 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib. Ötən ay ərzində istehsal olunan elektrik enerjisinin ümumi həcmindən 1 milyard kilovat-saatı istilik elektrik stansiyalarının, təxminən 0,2 milyard kilovat-saatı isə su elektrik stansiyalarının payına düşür.

Sentyabrda qonşu ölkələr - Rusiya, İran, Türkiyə və Gürcüstan ilə elektrik enerjisinin ötürülməsi davam etdirilib.

Xəbər lenti

Xəbər lenti