...

Bolqarıstan Nabucco Gas Pipeline International-a qoyulan kapitalı artırır

Energetika Materials 9 Noyabr 2009 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 noyabr / Trend , müxbir A.Bədəlova /

Bolqarıstanın Bulgarian Energy Holding dövlət holdinqinin Direktorlar Şurası marketinq şirkətinin nizamnamə kapitalının artırılması üçün Nabucco Gas Pipeline International-a 1,345 milyon avro ayrılması barədə qərar qəbul edib, "Sofia news agency" yazır. Ayrılan məbləğ Bulgargaz - "BEH"-in törəmə şirkətinin "Nabukko" layihəsində proporsional iştirak payını əks etdirir.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" kəməri ilə Xəzər regionu və Yaxın Şərqdən Aİ ölkələrinə qazın ixracı nəzərdə tutulur. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

BEH şirkətinin 1,972 milyon avro həcmində ilk depoziti avqustda qoyulub, o zaman Nabucco Gas Pipeline International-ın nizamnamə kapitalı 773,8 milyon avro təşkil edirdi. Layihə üzrə hər bir tərəfdaş tərəfindən ikinci depozitin qoyulmasından sonra şirkətin nizamnamə kapitalı daha 8 milyon avroya kimi artırılacaq.

Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin ümumi dəyərinin təxminən 30 faizi layihədə iştirak payı əsasında Nabucco Gas Pipeline International-ın səhmdarları tərəfindən ödəniləcək, qalan 70 faizi isə kreditorların hesabına maliyyələşdiriləcək.

Xəbər lenti

Xəbər lenti