...

Azərbaycan Koreya şirkəti ilə gəmiqayırma zavodunun inşasına dair müqaviləni ləğv edib - ARDNŞ prezidenti

Energetika Materials 21 Noyabr 2009 12:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir E.İsmayılov/

Azərbaycan dünya böhranı şəraitində hazırlanmış mənfəətsiz ticarət təklifinə görə Koreyanın STX Shipbuilding Co. Ltd şirkəti ilə gəmiqayırma zavodunun inşası layihəsi çərçivəsində əməkdaşlıqdan imtina edib. Bu barədə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev bildirib. STX layihədə 25 faiz pay əldə etməyi planlaşdırıb.

"Layihədə iştiraka dair öz şərtlərini dəyişdiyinə görə biz həmin şirkətlə müqaviləni pozduq və 12 il tanıdığımız Sinqapurun Keppel Offshore & Marine şirkətinə üstünlük verdik", - Abdullayev deyib. Şirkət Azərbaycanda 1997-ci ildən işləyir.

Cümə günü Bakıda Keppel şirkəti ilə gəmiqayırma zavodunun inşası və istismarına dair qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb. Sözügedən zavod Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun yaxınlığında inşa ediləcək.

Abdullayevin sözlərinə görə, ölkədə neft və qazın 97 faizi dənizdən hasil olunduğu üçün gəmiqayırma zavodunun inşası Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Hazırda ARDNŞ müxtəlif məqsədlərə yönəldilmiş 250 gəmidən ibarət donanmaya sahibdir.

"Zavod Azərbaycanda 60 min ton yükgötürmə qailiyyəti olan tankerlərin, o cümlədən yaxtaların inşasına imkan verəcək, - Abdullayev deyib. - Lakin yeni zavodun gücü sifarişlərin həcmindən asılı olacaq".

Hazırda Keppel şirkətinin gəmiqayırma tərsanəsində təxminən 50 min nəfər işləyir. Ötən il şirkət təxminən 40 gəmi inşa edib.

Layihənin reallaşdırılmasının ilkin mərhələsində ARDNŞ-nin işgüzar payı 70 faiz, Azərbaycan İnvestisiya Şirkətinin payı isə 30 faiz təşkil edir. Keppel Offshore & Marine şirkəti layihədə növbəti üç ay ərzində 10 faiz iştirak payı əldə etmək, sonrakı üç il ərzində isə daha 10 faiz almaq niyyətindədir.

Layihənin dəyəri 300-500 milyon dollar arasında dəyişir (ƏDV xaric).

Zavod inşasına başlanandan 2 - 2,5 il sonra, 2009-cu ilin sonu 2010-cu ilin əvvəli istismara veriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti