Fevralın 18-də ARDNŞ prezidenti Rövnəq Abdullayev Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Sçiqlonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir, ARDNŞ-ın məlumatında deyilir.
Qonağı səmimi salamlayan ARDNŞ prezidenti Azərbaycanla Polşa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və bunun enerji sektorunda tərəfdaşlıq üçün böyük imkanlar yaratdığını vurğulamışdır. Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Sçiqlo ölkələrimiz arasında mövcud dostluq əlaqələrinin regional əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edərək Azərbaycanda son illər enerji sektorunda böyük uğurlar əldə olunduğunu və ölkəmizin Avropanın enerji təhlükəsizliyi prosesində fəal iştirakını məmnunluqla müşahidə etdiklərini bildirmişdir. Azərbaycanda həyata keçirilən regional əhəmiyyətli neft-qaz layihələrindən və ARDNŞ-nin Azərbaycan dövlətini təmsil edən bir şirkət olaraq bu layihələrdə oynadığı aparıcı roldan danışan R. Abdullayev qısa müddətdə ölkəmizdə şaxələndirilmiş ixrac boru kəmərləri sisteminin yaradılmasını xüsusilə vurğulamışdır. O, Polşa nümayəndə heyətinə ARDNŞ-nin Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat vermişdir. Rövnəq Abdullayev başçılıq etdiyi Şirkətin beynəlxalq əlaqələrindən geniş söz açmış və qeyd etmişdir ki, ARDNŞ Avropa Birliyi ölkələrinin tanınmış şirkətləri ilə yanaşı, Polşanın "Lotos", "Orlen" və digər şirkətləri ilə də əməkdaşlıq edir. ARDNŞ-nin son illərdə böyük beynəlxalq nüfuz qazandığını nəzərə çatdıran Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Sçiqlo Odessa-Brodı-Plotsk-Qdansk neft kəməri layihəsinin icraçısı olan "SARMATİA" beynəlxalq müəssisəsinin əsas iştirakçılarından biri kimi Dövlət Neft Şirkətinin fəaliyyətini yüksək qiymətləndirmişdir. Tərəflər onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.
ARDNŞ prezidenti Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri ilə görüşüb
Fevralın 18-də ARDNŞ prezidenti Rövnəq Abdullayev Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Sçiqlonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir, ARDNŞ-ın məlumatında deyilir.
