...

Ekologiya ilə davamlı olaraq məşğul olmaq, yaranan problemləri vaxtı-vaxtında aradan qaldırmaq lazımdır - Rövnəq Abdullayev

Energetika Materials 19 Fevral 2010 04:55 (UTC +04:00)
Ekologiya elə bir sahədir ki, onunla davamlı olaraq məşğul olmaq, yaranan problemləri vaxtı-vaxtında aradan qaldırmaq lazımdır, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev cümə axşamı ekoloji problemlərə həsr olunmuş müşavirədə çıxış edərək deyib. Məlumatı AzərTAc Dövlət Agentliyi yayıb.
Ekologiya ilə davamlı olaraq məşğul olmaq, yaranan problemləri vaxtı-vaxtında aradan qaldırmaq lazımdır - Rövnəq Abdullayev

Ekologiya elə bir sahədir ki, onunla davamlı olaraq məşğul olmaq, yaranan problemləri vaxtı-vaxtında aradan qaldırmaq lazımdır, ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev cümə axşamı ekoloji problemlərə həsr olunmuş müşavirədə çıxış edərək deyib. Məlumatı AzərTAc Dövlət Agentliyi yayıb.

"Bu, nadir təbii şəraitə, zəngin sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi məsələlərinə daim xüsusi diqqət və qayğı göstərmiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş davamlı inkişaf və tərəqqi strategiyasına sədaqətinizin bariz nümunəsidir. Möhtərəm Prezident, Sizin tərəfinizdən 2010-cu ilin "Ekologiya ili" elan edilməsi də Zati-alinizin 2006-cı il 28 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"na uyğun olaraq ölkəmizdə görülmüş misilsiz işlərin məntiqi davamıdır", - Rövnəq Abdullayev deyib.

Rövnəq Abdullayev qeyd edib ki, həmin Proqramda vaxtilə neft sənayesində yaranmış nöqsanların aradan qaldırılması prioritet vəzifə kimi qarşıya qoyulub və neftçilər ekoloji hərəkata ürəkdən qoşulublar.

"Bu proqramlarda cari çirklənmə mənbələrinin ləğvi, çirkli torpaqların təmizlənməsi və yaşıllaşdırılması ilə yanaşı, yeni tikilən və yenidən qurulan obyektlərdə ekoloji təhlükəsizliklə bağlı beynəlxalq təcrübənin tətbiqinə üstünlük verilir. 2006-cı ildə Sizin Sərəncamınızla şirkətin tərkibində Ekologiya İdarəsi təsis olunmuşdur. Şirkətin bütün əsas struktur vahidlərində ekoloji məsələlərə nəzarət edən müvafiq şöbələr, ekoloji layihələrin həyata keçirilməsində ixtisaslaşmış təcrübəli xarici şirkətlərlə "EKOL Mühəndislik Xidmətləri" və "SOCAR-ASM" birgə müəssisələri yaradılmışdır. Bu tədbirlər ekoloji layihələrin uğurla həyata keçirilməsi üçün imkanlarımızı genişləndirmişdir. Ətraf mühitin qorunması istiqamətində qarşıda duran vəzifələri həyata keçirmək və ekologiya sahəsində idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə "Dövlət Neft Şirkətinin Ekoloji Siyasəti" təsdiq olunmuşdur. Bu siyasətin əsas məqsədi yeni fəaliyyət sahələrində müvafiq vəziyyətin qiymətləndirilməsi və ona mənfi təsirlərin minimuma endirilməsini təmin etməkdir. Əsas ekoloji prinsipimiz "Sıfır tullantı" prinsipidir. Bütün neft-qaz əməliyyatları zamanı bu prinsipə əməl edilməsi ilə yanaşı, keçmişdən miras qalmış ekoloji problemlərin, xüsusən yararsız hala salınmış torpaqların bərpası da nəzərdə tutulmuşdur. Şirkətin ekoloji tədbirləri, əsasən aşağıdakı fəaliyyət sahələrini əhatə edir: lay sularının utilizasiyası, neftlə çirklənmiş torpaqların təmizlənməsi, atmosferə atılmaların azaldılması, istehsalat tullantılarının idarə olunması, enerjiyə qənaət texnologiyalarının tətbiqi, Bakı buxtasının təmizlənməsi, yaşıllaşdırma işləri, ekoloji təbliğat və maarifləndirmə məsələləri.
Neft yataqlarının əksəriyyəti uzun illər istismar olunduğundan quyularda sulaşma əmsalı 95 faizdən yuxarıdır. Odur ki, böyük miqdarda lay sularının təkrar emalı çox vacibdir. Bunun üçün istifadə olunan ən optimal üsul lay sularının quyular vasitəsilə yenidən yerin altına vurulmasıdır. Möhtərəm cənab Prezident, Siz neft və neft məhsulları ilə çirklənmiş mədən torpaqlarının təmizlənməsi məsələsini şəxsən nəzarətdə saxlayırsınız. Bu, bir tərəfdən məsuliyyətimizi artırır, digər tərəfdən bizə xüsusi stimul verir. Hasilatın uzun müddət bəsit texnika və texnologiyalarla aparılması, qazma, istismar və təmir zamanı baş verən çoxsaylı qəzalar, açıq neft, qaz, su fontanları nəticəsində mədən əraziləri həddən artıq çirklənməyə məruz qalmışdır. Xüsusən Abşeron yarımadasının torpaqlarına daha çox ziyan vurulmuşdur. Burada 10 min hektara yaxın torpaq sahəsi yararsız hala düşmüşdür. Sizin tapşırığınıza əsasən, Dövlət Neft Şirkəti 2006-cı ildən başlayaraq, bu torpaqların bərpası üzrə irimiqyaslı işlərin həyata keçirilməsinə başlamışdır. Bu günədək Bibiheybət, Balaxanı, Siyəzən, Kürovdağ, Qarabağlı və digər yataqlarda təxminən 300 hektara yaxın çirklənmiş torpaq sahəsi təmizlənmiş və abadlaşdırılmışdır. Bibiheybətdə təmizlənmiş ərazidə 80 minə yaxın ağac əkilmiş və orada Sizin Sərəncamınız əsasında Neft Muzeyinin və təhsil kompleksinin tikintisinə hazırlaşırıq", - ARDNŞ-in prezidenti deyib.

Onun sözlərinə görə, ümumilikdə, 400 hektara qədər mədən ərazisində torpaqların təmizlənməsini nəzərdə tutulur.

"Bu il isə biz ümumilikdə, 400 hektara qədər mədən ərazisində torpaqların təmizlənməsini nəzərdə tuturuq. Bu işlərə başlamazdan əvvəl, həmin sahələrdə süni gölməçələr qurudulmalı, çirkab suları axan kanallar qapalı beton kollektorlara salınmalıdır. Bundan başqa, möhtərəm Prezidentin tapşırığı ilə Böyükşor gölü ilə Heydər Əliyev adına Beynəlxalq hava limanına gedən avtomobil magistralı arasındakı 50 hektarlıq ərazidə yerləşən köhnə nefttutucu anbarları ləğv edilmiş, torpaq artıq təmizlənir və həmin ərazidə Bakı Olimpiya stadionunun tikilməsi üçün ilkin hazırlıq işlərinə başlamışıq. Cənab Prezident, Sizin artıq dillər əzbəri olmuş "Sağlam ekoloji mühit, sağlam hava, təmiz su" çağırışınızı neftçilər ekoloji layihələrdə konseptual əsas kimi rəhbər tuturlar. Neftçilər torpaqların təmizlənməsi və yaşıllaşdırılması proseslərinin bir-birini tamamladığını yaxşı dərk edirlər. Odur ki, neftlə çirklənmədən təmizlənmiş bütün mədən torpaqlarında ağaclar əkilir, yaşıllıqlar salınır. Şirkətimizdə ağacəkmə kampaniyalarının, iməciliklərin keçirilməsi artıq xoş bir ənənəyə çevrilmişdir. Ötən üç il ərzində neft mədənlərinin təmizlənmiş ərazilərində 120 mindən çox ağac əkilmişdir və onlara mütəmadi olaraq aqrotexniki qulluq göstərilir. "Ekologiya ili" elan olunmuş 2010-cu ildə isə 150 min ağac və 16 min gül tinginin əkilməsini nəzərdə tuturuq. Bununla da neftçilər ölkəmizdə kütləvi miqyas almış, əsl ümummilli səciyyə kəsb edən, gündən-günə genişlənən yaşıllaşdırma hərəkatında daha fəal iştirak edəcəklər. Ötən il Qalada - Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin mədən ərazisində neftlə çirklənmədən təmizlənmiş 10 hektarlıq sahədə Ekoloji parkın yaradılmasına başlamışıq. Artıq parkda gərgin iş gedir. Məlumat üçün bildirim ki, Ekoloji parkın tərkibində müasir tipli şitilxananın salınması, burada bioseleksiya işlərinin aparılması və Abşeron yarımadasının nadir, nəsli kəsilməkdə olan kol və ağac bitkilərinin çoxaldılması nəzərdə tutulur. Becərilən ağac və kol bitkilərinin rekultivasiya olunmuş mədən torpaqlarına uyğunlaşmış şəraitdə yetişdirilməsi və neftlə çirklənmədən təmizlənmiş ərazilərdə əkilməsi, möhtərəm Prezident, Sizin Bakı və şəhərətrafı qəsəbələrdə 3 milyon ağac əkilməsi tapşırığınızın icrası baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir. Ekoparkda kiçik bir tədris mərkəzinin yaradılması da nəzərdə tutulur. Burada gənc nəslin ekoloji maarifləndirilməsi məqsədi ilə müxtəlif proqramlar həyata keçiriləcəkdir. Parkın daha bir özəlliyi isə bundan ibarətdir ki, orada enerji təchizatı tədricən alternativ mənbələrdən - 20 kVt gücündə günəş batareyaları və ümumi gücü 40 kVt olan 4 ədəd külək generatoru vasitəsilə əldə ediləcəkdir", - Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, ekologiya elə bir sahədir ki, onunla davamlı olaraq məşğul olmaq, yaranan problemləri vaxtı-vaxtında aradan qaldırmaq lazımdır.

"Hazırda bütün dünyada iqlim dəyişiklikləri məsələsi bəşəri bir problem olaraq fəal müzakirə edilir. Azərbaycan da bu prosesdən kənarda qalmır. Məlumdur ki, ölkəmizdə atmosferə atılan tullantıların başlıca mənbələrindən biri də neft-qaz sənayesidir. Dövlət Neft Şirkəti bir neçə ildir ki, Kioto protokolu üzrə Təmiz İnkişaf Mexanizmi çərçivəsində həyata keçirilən layihələrə qoşulmuşdur və hər il öz müəssisələrində atmosferə atılan zərərli qazların mənbələrini invertarlaşdırır. 2008-ci ildən etibarən şirkətimiz Dünya Bankının Qlobal qaz yandırılmalarının azaldılması üzrə Əməkdaşlıq Təşkilatının fəal tərəfdaşlarından biridir. 2006-2009-cu illər ərzində bu istiqamətdə görülən tədbirlər nəticəsində şirkətimiz üzrə atmosferə atılmaların miqdarı təxminən 860 min ton CO2 ekvivalentində azaldılmışdır ki, bu da əlavə olaraq 420 milyon kubmetr səmt qazının yığılıb sistemə verilməsi deməkdir. 2010-cu ildə və qarşıdakı illərdə biz bu istiqamətdə fəaliyyətimizi daha da genişləndirəcəyik. Belə ki, bu il "Günəşli" yatağında sıxıcı kompressor stansiyalarının gücünün artırılması, yeni boru kəmərlərinin çəkilməsi və başqa tədbirlər nəticəsində havaya atılan aşağı təzyiqli qazın bütünlüklə yığılıb sistemə təhvil verilməsi təmin olunacaqdır. Bu da havaya atılan 1 milyard kubmetr qazın yığılması deməkdir. Eyni zamanda, Dövlət Neft Şirkəti tərəfindən avtomobil nəqliyyatı vasitələrindən atmosferə atılmalara nəzarət məqsədi ilə Bakı şəhərinin Səbail, Sabunçu və Suraxanı rayonları ərazisində 3 ekoloji ölçmə məntəqəsi yaradılmışdır.
Möhtərəm cənab Prezident, Bakı buxtasının təmizlənməsi daim Sizin diqqət mərkəzində saxladığınız ən vacib məsələlərdəndir. 2007-ci ildən başlayaraq, şirkətimizdə dənizin dibinin və səthinin təmizlənməsi istiqamətində də bir çox işlər görülmüşdür. Dəniz mədənlərində balansdan silinmiş, istismara yararsız qurğuların və boru xətlərinin sökülməsi, batmış gəmilərin kəsilərək çıxarılması, ərazilərin metal tullantılardan təmizlənməsi işləri geniş vüsət almışdır. Hesablamalara görə dənizin təkcə Azərbaycan sektorunda belə metal konstruksiyalar 500 min tondan artıqdır. Ötən müddət ərzində Xəzərin Azərbaycan sektoru 32 min ton həcmində metal tullantıdan təmizlənmişdir. Onu da qeyd etmək istərdim ki, quruda aparılmış analoji tədbirlər nəticəsində daha 42 min ton metal tullantı təhvil verilmişdir. 2010-cu ildə bu işlərin həcmini artıraraq, dəniz və qurudakı mədən sahələrindən ümumilikdə 82 min ton metal, taxta və beton tullantılarının təmizlənməsini planlaşdırırıq. Eyni zamanda, Bakı buxtası akvatoriyasına yeni, xüsusi qurğularla təchiz olunmuş ekoloji təyinatlı gəmilər gətiriləcəkdir. Bunlar suyun üzündən neftli təbəqələrin və digər tullantıların yığılması üzrə ixtisaslaşdırılmış gəmilərdir. Möhtərəm cənab Prezident, Sizin qeyd etdiyiniz kimi, ekologiya elə bir sahədir ki, onunla davamlı olaraq məşğul olmaq, yaranan problemləri vaxtı-vaxtında aradan qaldırmaq lazımdır. Bu baxımdan əmin ola bilərsiniz ki, Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görüləcək tədbirlər təkcə 2010-cu ili əhatə etməyəcək, sonrakı illərdə də davam etdiriləcəkdir. Neftçilər ətraf mühitin mühafizəsi, ekoloji vəziyyətin sağlamlaşdırılması ilə bağlı daim cəmiyyətimiz qarşısında böyük məsuliyyət daşıdıqlarını yaxşı bilirlər. Çoxminli neftçilər ordusu həmişə olduğu kimi, bundan sonra da qarşımızda qoyduğunuz bütün vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün var gücü ilə çalışacaq, Vətənimizin daha da çiçəklənməsi naminə əllərindən gələni əsirgəməyəcəkdir", - ARDNŞ-in prezidenti deyib.

Xəbər lenti

Xəbər lenti