...

ARDNŞ yaxın zamanlarda İrana qazın kommersiya tədarükünə başlayacaq

Energetika Materials 9 Mart 2010 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 mart / Trend , müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və İranın Milli Qaz İxracı Şirkəti (NIGEC) arasındakı qısamüddətli müqavilə çərçivəsində İrana kommersiya məqsədli qaz tədarükünə martın sonunda başlanacaq. Bu barədə ARDNŞ-nin yüksəkvəzifəli nümayəndəsi çərşənbə axşamı bildirib.

"Hazırda qaz kəmərində təmir işləri aparılır, İrana qaz tədarükü cari ilin sonuna planlaşdırılır", - mənbə deyib.

ARDNŞ prezidenti Rövnəq Abdullayevin daha əvvəl dediyi kimi, ARDNŞ İrana qaz tədarükü həcmini artırmaq üçün bu ilin payızına qədər Astaradakı kompressor stansiyasının yenidən qurulmasına dair işləri və Qazıməhəmməd-Astara qaz kəmərinin diametri 1200 millimetr olan 60 kilometrlik hissəsinin dəyişdiriməsini başa çatdırmaq niyətindədir. Bütün bu tədbirlərin həyata keçirilməsindən sonra Azərbaycan İrana sutkada beş milyon kubmetr qaz tədarük edə biləcək. Gələcəkdə tələbat olsa, ARDNŞ İrana qaz tədarükünün həcmini artırmağa hazırdır.

Azərbaycan və İranı uzunluğu 1474,5 km olan "Qazıməhəmməd-Astara-Bind-Biand" qaz kəməri birləşdirir. Qaz kəmərinin Azərbaycan ərazisindəki hissəsinin uzunluğu 296,5 kilometrdir. Onun buraxılış gücü ildə 10 mlrd. kubmetrdir. Bu marşrut 1971-ci ildə istismara verilən Qazax-Astara-İran boru kəmərinin qoludur. Onun üzərində Qazıməmhəməd, Ağdaş və Qazaxda üç kompressor stansiyası tikilib. Qaz nəqliyyatı sistemi 55 atmosfer təzyiqinə hesablanıb. Boru kəmərinin diametri 1200 mm-dir.

ARDNŞ və NIGEC yanvarın ilk yarısında Bakıda Azərbaycan qazının İrana tədarükünə dair qısamüddətli müqavilə imzalayıb. Müqavilə bu ilin mart-aprel aylarınadək 100 milyon kubmetr (sutkada 1,2 milyon kubmetr qaz) Azərbaycan qazının İrana tədarükünü nəzərdə tutur. Azərbaycan qazı İranın əsas yataqlarından uzaqda yerləşən şimal rayonlarına tədarük ediləcək. Tərəflər arasında uzunmüddətli müqavilənin imzalanması cari ilin payızında gözlənilir.

Xəbər lenti

Xəbər lenti