...

Azərbaycanda yeni gəmiqayırma zavodunun inşasının başlanması üçün hazırlıq işləri başa çatdırılıb - Keppel Corporation Limited

Energetika Materials 18 Mart 2010 19:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend /

Azərbaycanda yeni gəmiqayırma zavodunun inşasının başlanması üçün hazırlıq işləri başa çatdırılıb. Bunu Sinqapurun "Keppel Corporation Limited" şirkətinin prezidenti Li Bun Yanq cümə axşamı Bakıda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayevlə görüşdə deyib.

Li Bun Yanqın sözlərinə görə, Azərbaycanın tranzit və yükdaşıma inkanlarının artırılmasına yönəlmiş bu layihə ARDNŞ-nin "Keppel Corporation Limited" şirkəti ilə əməkdaşlığını daha yüksək mərhələyə çıxaracaq.

"Birgə yaradacağımız gəmiqayırma zavodunun regionda ilk belə iri və müasir müəssisə olacağına əminəm", - Bun Yanq deyib.

"Əminəm ki, yeni əsrin ən müasir gəmiləri də məhz yeni yaradacağımız zavodda tikiləcək", - Rövnəq Abdullayev deyib.

Sinqapurun Keppel Offshore & Marine şirkəti ilə gəmiqayırma zavodunun tikintisi və istismara verilməsi üzrə qarşılıqlı anlaşma haqqında memorandum ötən ilin noyabrında imzalanıb.

Zavod Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun yaxınlığında inşa ediləcək.

Memorandum ARDNŞ, Azərbaycan İnvestisiya Şirkəti və Sinqapurun Keppel Offshore & Marine şirkəti arasında imzalanıb. Layihənin reallaşdırılmasının ilkin mərhələsində ARDNŞ-nin işgüzar payı 70 faiz, Azərbaycan İnvestisiya Şirkətinin payı isə 30 faiz təşkil edir. Keppel Offshore & Marine şirkəti layihədə növbəti üç ay ərzində 10 faiz iştirak payı əldə etmək, sonrakı üç il ərzində isə daha 10 faiz almaq niyyətindədir.

Yeni konsepsiyaya görə, zavodun inşası artıq mövcud olan infrastrukturun bazasında nəzərdə tutulub. Buna görə də layihənin dəyəri ilkin qiymətləndirmələrlə müqayisədə aşağı düşüb. İlkin TİƏ üzrə zavodun tikintisi 400 milyon dollara (limanın tikintisi üzrə xərcləri çıxmaq şərti ilə) başa gəlib, lakin son qiymətləndirmələrə görə, bu, 300-350 milyon dollar (ƏDV xaric) civarında dəyişiləcək.

Layihənin maliyyələşdirilməsinin 30 faizi ARDNŞ-nin vəsaitləri hesabına təmin olunacaq. Qalan vəsaitlər xarici mənbələrdən cəlb olunacaq.

Zavod inşasına başlanandan 2-2,5 il sonra istismara veriləcək. Yeni zavod müasir tələblərə cavab verən texnologiyalarla təchiz ediləcək.

Xəbər lenti

Xəbər lenti