...

ARDNŞ Çilov adasında yeni sutəmizləyici qurğu istismara verib

Energetika Materials 30 Mart 2010 20:37 (UTC +04:00)
ARDNŞ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Çilov adasında yeni sutəmizləyici "ƏKS-OSMOS" qurğusunu istismara verib. Qurğu dəniz suyunun şirinləşdirilməsi və adada yaşayan əhalinin məişət və içməli suya olan tələbatını ödəmək üçün nəzərdə tutulub.
ARDNŞ Çilov adasında yeni sutəmizləyici qurğu istismara verib

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir N.İsmayılova/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Çilov adasında yeni sutəmizləyici "ƏKS-OSMOS" qurğusunu istismara verib. Qurğu dəniz suyunun şirinləşdirilməsi və adada yaşayan əhalinin məişət və içməli suya olan tələbatını ödəmək üçün nəzərdə tutulub. Adada təxminən 1000 nəfər yaşayır.

Qurğunun açılış mərasimində ARDNŞ prezidenti Rövnəq Abdullayev iştirak edib.

"ƏKS-OSMOS" qurğusu öz təyinatı, müasirliyi və gücü ilə fərqlənir. Qurğunun gücü sutkada 300 kubmetr dəniz suyunun şirinləşdirilməsinə imkan verir.

Abdullayevin sözlərinə görə, hazırda Çilov adasının gündəlik su tələbatı 200-250 kubmetrdir və bu həcm gəmilər vasitəsilə daşınaraq ödənilir.

"Yeni qurğunun istifadəyə verilməsi ada sakinlərinin məişət ehtiyaclarının və içməli suya olan tələbatının tam ödənilməsinə şərait yaradacaq", - Abdullayev bildirib.

Daha əvvəllər adada məişət sularını təmizləyən və hər birinin sutkalıq istehsal gücü 200 kubmetr olan 2 ədəd "KU-200" qurğusu quraşdırılmışdı.

Bu gün ARDNŞ prezidentinin adaya səfəri çərçivəsində təxminən daha 1000 ağac əkilib.

Adada yerləşən "Çilov" yatağı Abşeron arxipelaqından cənub-qərbdə yerləşir. "Çilov"un işlənməsinə 1948-ci ildə başlanılıb. Yatağın sənaye işlənməsinə 1952-ci ildən başlanılıb. Bütün bu dövr ərzində yataqda 115 quyu qazılıb. Hasilat dövrü ərzində yataqdan 4,81 milyon ton neft hasil olunub. Hazırda sutkalıq hasilat 70 min ton təşkil edir. İşlər ARDNŞ-nin "Azneft" İstehsalat Birliyinin "28 May" Neft-Qaz Emalı İdarəsi tərəfindən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti