...

Azərbaycan Sənaye və Energetika Nazirliyi qazdan istifadə ilə bağlı yeni qaydaları dövlət qurumları ilə razılaşdırıb

Energetika Materials 14 Aprel 2010 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir E.İsmayılov/

Nazirlər Kabineti respublikada qazdan istifadə ilə bağlı yeni qaydaları Azərbaycan Prezident Administrasiyasına təqdim edəcək. Qaydalar Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanıb. Bunu çərşənbə axşamı Sənaye və Energetika Nazirliyi yanında Dövlət Qaz Nəzarəti İdarəsinin rəhbəri Asif Zeynalov deyib.

Zeynalovun sözlərinə görə, qaydaların yekun variantı müvafiq qurumlarla razılaşdırılıb və Nazirlər Kabinetinə təqdim olunub. Bundan əvvəl fövqəladə hallar, ədliyyə, maliyyə, səhiyyə nazirlikləri və digərləri öz rəy və tövsiyələrini təqdim ediblər və bunlar Sənaye və Energetika Nazirliyi tərəfindən nəzərə alınıb.

"Bütün rəylər və tövsiyələr müvafiq olaraq nəzərə alınıb və qaydaların yekun variantında əksini tapıb. Bu variant Nazirlər Kabinetinə göndərilib. Nazirlər Kabineti öz növbəsində yeni qaydaları Prezident Administrasiyasına təqdim edəcək", - Zeynalov deyib.

Onun fikrincə, Azərbaycanda qazdan istifadə qaydalarının hazırlanması böyük əhəmiyyət daşıyır. İndiyədək respublikada qazdan istifadə üzrə unifikasiya olunmuş milli qaydalar olmayıb və bu sahədə münasibətlər hələ sovet dövründə hazırlanmış qaydalar əsasında tənzimlənib. Hazırlanmış sənəd istehlakçıların hüquqlarının müdafiəsinə yönəlib və onların qazdan istifadə sahəsində hüquqları və öhdəlikləri barədə məlumatlandırılması məqsədini daşıyır.

Qaydaların bəndlərindən biri yaşayış binalarının birinci mərtəbələrində qazdan istifadə hüququdur. Əgər hazırda yaşayış məqsədi üçün istifadə olunmayan binanın birinci mərtəbəsində qazdan istifadə qadağan olunubsa, yeni qaydalarda belə obyektlərdə qazdan istifadə nəzərdə tutulub. İcazə bir dördgözlü plitənin və bir standartlara uyğun suqızdırıcısının olmasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti