...

"Ekoerudit" yarışının finalçıları ARDNŞ-nin ekoloji parkında ağacəkmə kampaniyasında iştirak ediblər (FOTO)

Energetika Materials 22 Aprel 2010 20:29 (UTC +04:00)
Cümə axşamı "Ekoerudit" breyn-rinq yarışının finalçıları - məktəblilər ARDNŞ-nin Ekologiya İdarəsinin əməkdaşları ilə birgə Qala qəsəbəsində yerləşən ekoloji parkda ağacəkmə kampaniyasına qoşulublar.
"Ekoerudit" yarışının finalçıları ARDNŞ-nin ekoloji parkında ağacəkmə kampaniyasında iştirak ediblər (FOTO)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir E.İsmayılov/

Cümə axşamı "Ekoerudit" breyn-rinq yarışının finalçıları - məktəblilər ARDNŞ-nin Ekologiya İdarəsinin əməkdaşları ilə birgə Qala qəsəbəsində yerləşən ekoloji parkda ağacəkmə kampaniyasına qoşulublar.

"2008-ci il noyabr ayında ARDNŞ-nin ekoloji maarifləndirmə üzrə planı təsdiq olunub", - bu barədə ARDNŞ-nin Ekologiya İdarəsinin təşviqat və sosial məsələlər şöbəsinin rəhbəri Füzuli Hacıyev Trend-ə bildirib. Bu planın əsas istiqamətlərindən biri məktəblərdə və digər müəssisələrdə müxtəlif ekoloji yarışların keçirilməsidir. Bugünkü tədbir bu planın davamıdır. "Ekoerudit" yarışı Bakı məktəblərinin şagirdləri arasında keçirilir. Oyun üç mərhələdən: seçim turu, ikinci - yarimfinal və üçüncü - finaldan ibarətdir. İlk iki tur artıq keçirilib və final mərhələsinə bir neçə komanda adlaya bilib. Həmin komandalar aprelin 30-da birinci, ikinci və üçüncü yer uğrunda mübarizə aparacaqlar. Qaliblər ARDNŞ tərəfindən mükafatlandırılacaq.

Bu gün ARDNŞ-nin ekologiya məsələləri üzrə vitse prezidenti Muxtar Babayevin "Ekoerudit" breyn-rinq yarışının finalına vəsiqə qazanmış 8 komandanın iştirakçıları ilə görüşü olub. Bu aksiya "Beynəlxalq Ana Təbiət Günü"nə təsadüf edib. "Hər iki tədbirin bir gündə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir", - Hacıyev qeyd edib.

Onun sözlərinə görə, ARDNŞ-nin ekoloji parkında bu kimi akisyanın keçirilməsi maarifləndirmə məqsədi daşıyır.

Ekoloji park ekoloji baza rolunu oynayacaq və burada ekoloji tədbirlərlə bağlı tədris mərkəzi yaradılcaq. Burada, eyni zamanda, günəş batareyaları, külək generatorları, həmçinin ekoloji baxımdan lazım olan təhlükəsiz texnikanın son modelləri istifadə olunacaq.

Aksiyanın keçirilməsində həmçinin BMT-nin Azərbaycan nümayəndəliyinin ictimai informasiya üzrə mütəxəssisi İqrar Əliyev də iştirak edib. Onun sözlərinə görə, 22 aprel "Beynəlxalq Ana Təbiət Günü" elan olunduğu üçün bu gün bütün dünyada qeyd olunur. BMT-nin Azərbaycan nümayəndəliyi də bu kimi aksiyada iştirak etməyi qərara alıb.

Xəbər lenti

Xəbər lenti