...

Azərbaycan Sənaye və Energetika Nazirliyi alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üzrə proqram hazırlayır

Energetika Materials 28 Aprel 2010 10:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Sənaye və Energetika Nazirliyi yanında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi bu sahənin inkişafına dair proqramın hazırlanması prosesini başa çatdırır. Bu barədə çərşənbə axşamı sənaye və energetika naziri Natiq Əliyev bildirib.

"Hazırda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən böyük proqramın hazırlanması üzrə iş aparılır. Demək olar ki, o hazırdır və yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacağı gözlənilir", - Əliyev deyib.

Onun sözlərinə görə, alternativ və bərpa olunan enerji mənbələri sahəsində ilkin araşdırmaların aparılması üçün Azərbaycan Prezidenti tərəfindən bir milyon manat ayrılıb. Həmçinin, bu sahədə pilot layihələrin həyata keçirilməsi üçün dövlət büdcəsindən 40 milyon manat ayrılıb.

"Lakin mənim fikrimcə, tələsik hansısa layihələrə qoşulmaq hələlik tezdir. Biz bu gün bu məsələni ekspertlərlə birlikdə müzakirə edirik. Xarici mütəxəssislər ilə məsləhətləşmələr aparırıq", - Əliyev deyib.

Onun sözlərinə görə, eyni zamanda, Azərbaycanın müxtəlif rayonlarında iqlim və şəraitdən asılı olaraq, alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin mümkünlüyü və məqsədəuyğunluğu sahəsində araşdırmalar aparılır.

"Hesab edirəm, biz ilin sonunadək bu sahədə hər hansı layihənin həyata keçirilməsi ilə bağlı qarşıya qoyduğumuz məqsədə çatacağıq", - Əliyev deyib.

Xəbər lenti

Xəbər lenti