...

ARDNŞ Türkiyədə NEZ tikmək üçün lisenziyanın alınmasını gözləyir

Energetika Materials 25 May 2010 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti) Türkiyədə neft emalı zavodunun tikintisinə başlamaq üçün lazım olan sənədlər paketinin hazırlanmasını başa çatdırıb. Zavod Türkiyənin iri "Petkim" neft-kimya kompleksinin yaxınlığında yerləşəcək. Bu barədə Trend-ə ARDNŞ-in Türkiyədəki nümayəndəliyinin rəhbəri Seymur Ağayev telefonla məlumat verib. Şirkət "Petkim" neft-kimya kompleksinin sahiblərindən biridir.

"Bizdə bütün sənədlər paketi hazırdır, indi biz lisenziyanın alınmasını gözləyirik", - Ağayev bildirib.

Onun sözlərinə görə, hazırda layihənin texniki məqamlarının öyrənilməsi üzrə işlər görülür, eləcə də injinirinq şirkətləri ilə danışıqlar aparılır.

Bundan əvvəl Türkiyədə NEZ-in tikilməsi üçün texniki-iqtisadi əsaslanma üzrə işlər başa çatıb. Eləcə də Türkiyə hökuməti ətraf mühitə təsirlə bağlı hesabatı təsdiqləyib.

Zavodun tikintisinə 2010-cu ildə başlamaq planlaşdırılır. Bu barədə bir az əvvəl "Petkim" neft-kimya kompleksindən məlumat verilib.

Yeni zavod "Petkim" neft-kimya kompleksinin xammala olan tələbatını təmin edəcək. Neft məhsullarının yerdə qalan hissəsi yerli və Avropa bazarlarında satılacaq. NEZ-in gücü ildə 10-15 milyon ton məhsul təşkil edəcək.

2008-ci ildə "SOCAR/Turcas Petrol/Injaz Projects" şirkətlər alyansı Türkiyənin "Petkim" neft-kimya holdinqində 51 faizlik səhm paketinin alınması üçün tenderin qalibi olub. Buna görə alyansa 2,04 milyard dollar təklif edilib. Hazırda Türkiyə zəruri kimya məhsullarının 70-75 faizini idxal edir. "SOCAR/Turcas/Injaz"ın "Petkim"in inkişafına yatıracaqları sərmayələr məhsul idxalını 30 faizədək azaltmağa imkan verir.

"Petkim Petrokimya Holding" plastik qablaşdırmalar, parçalar, PVC, yuyucu vasitələr istehsal edir və Türkiyədə belə məhsulların yeganə istehsalçısıdır. Şirkət məhsullarının dörddəbirini ixrac edir.

Xəbər lenti

Xəbər lenti