...

Türkiyə "Şahdəniz" layihəsinin ikinci mərhələsində ildə 6 milyard kubmetr qaz alacaq - nazir

Energetika Materials 7 İyun 2010 20:40 (UTC +04:00)
Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində Türkiyə hər il 6 milyard kubmetr Azərbaycan qazı alacaq.
Türkiyə "Şahdəniz" layihəsinin ikinci mərhələsində ildə 6 milyard kubmetr qaz alacaq - nazir

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində Türkiyə hər il 6 milyard kubmetr Azərbaycan qazı alacaq. Bu barədə CNN Turk telekanalının canlı yayımında Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız Türkiyə və Azərbaycan arasında qaz məsələləri paketi üzrə sazişin imzalanmasının yekunlarına toxunaraq bildirib.

Onun sözlərinə görə, "Şah Dəniz"in ikinci mərhələsi çərçivəsində qazın alınması 2017-2018-ci illərdə nəzərdə tutulub.

Nazir bildirib ki, "Şahdəniz"in ikinci mərhələsi çərçivəsində 13,5 milyard kubmetr qazın alınması planlaşdırılır.

"Bu o deməkdir ki, ikinci mərhələ çərçivəsində olan qaz "Nabukko", ITGI (Türkiyə-Yunanıstan-İtaliya) və TAP (Transadriatik qaz kəməri) kimi layihələr üçün mənbə ola bilər. Bildiyiniz kimi, biz "Nabukko"nun iştirakçısıyıq və bu prosesdə maraqlıyıq", - nazir deyib.

Bazardan asılı olaraq, Azərbaycan qazına olan qiymətlər dəyişəcək. Taner Yıldız Azərbaycan qazının qiymətini göstərməyib. Onun sözlərinə görə, bu, başqa alıcılara qazın satılması məsələlərində təsir edə bilər.

Nazirin sözlərinə görə, Azərbaycan qazının qiyməti Rusiya qazı ilə müqayisədə daha sərfəli olacaq.

Bu gün İstanbulda Azərbaycan və Türkiyə arasında qaz məslələri paketi üzrə saziş imzalanıb. Saziş "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi üzrə Türkiyə üçün Azərbaycan qazının qiymətindəki dəyişikliyi, layihənin ikinci mərhələsi çərçivəsində qazın qiymətini, eləcə də Azərbaycan qazının Türkiyə ərazisindən tranzitini nəzərdə tutur.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: bp (operator) - 25,5%, Statoil - 25,5%, NICO - 10%, Total - 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%. "Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

Yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində hasilatın ən yüksək həddi 8,6-9 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır. Proqnozlara görə, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatı həcmini ildə daha 16 milyard kubmetrədək çatdırmaq mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti