...

"Nabukko" konsorsiumu ilin sonunadək Azərbaycanla qaz nəqli üzrə saziş imzalayacaq – Reynhard Mitçek

Energetika Materials 23 İyun 2010 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir Y.Ostapenko/

İlin sonunadək "Nabukko"nun həyata keçirilməsi üzrə konsorsium bu kəmər üçün qaz tədarükçüləri ilə, eləcə də Azərbaycanla saziş imzalamaq niyyətindədir. Bu barədə konsorsiumun icraçı direktoru Reynhard Mitçek çərşənbə günü bildirib.

Onun sözlərinə görə, hazırda bu layihənin maliyyələşdirilməsinin həyata keçirilməsi üçün maliyyə institutları ilə danışıqlar aparılır. Layihə üzrə yekun investisiya qərarının gələn ilin ortalarında qəbul ediləcəyi və 2011-ci ilin sonlarınadək layihənin inşasına başlanacağı ehtimal olunur.

Mitçekin qeyd etdiyi kimi, qaz kəmərinin doldurulması üçün Xəzər regionunda da qaz kifayət qədərdir.

"Əgər region ölkələri çalışsalar, o zaman iki "Nabukko"nu qazla doldurmaq olar", - Mitçek bildirib.

Azərbaycanın layihədə səhmdar kimi iştirakının mümkünlüyü məsələsinə toxunan Mitçek qeyd edib ki, bu məsələ ilə bağlı danşıqlar aparılmır. Lakin o, belə bir imkanı istisna etmir.

İlkin mərhələdə boru kəməri ilə 10-15 milyard kubmetr qaz nəql etmək planlaşdırılır. Sonradan bu, 31 milyard kubmetrədək layihə gücünə çatdırılacaq.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 milyard kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Layihənin ümumi dəyərinin təxminən 30 faizi layihədə iştirak payı əsasında "Nabucco Gas Pipeline International"ın səhmdarları tərəfindən ödəniləcək, qalan 70 faizi isə kreditorların hesabına maliyyələşdiriləcək.

Xəbər lenti

Xəbər lenti