...

Suriya 2020-ci ilədək Azərbaycan qazının nəqli üzrə saziş imzalamaq niyyətindədir – neft və mineral ehtiyatlar naziri (MÜSAHİBƏ)

Energetika Materials 25 İyun 2010 11:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir Ü.Sadıqova/

Trend-in Suriyanın neft və mineral ehtiyatlar naziri, Azərbaycan - Suriya Əməkdaşlığı üzrə hökumətlərarası komissiyanın həmsədri Süfyan əl-Əlao ilə müsahibəsi

- Suriya Azərbaycan qazının alınmasında nə dərəcədə maraqlıdır? İxrac hansı həcmlərdə həyata keçirilə bilər?

- Bu ilin martında Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Suriyaya səfəri zamanı ölkələr arasında əməkdaşlığın nizama salınması yollarını, eləcə də Azərbaycan qazının Suriyaya nəqli və təcrübə mübadiləsi, birgə şirkətlərin yaradılmasını müzakirə edib. Bütün bu ideyalar, o cümlədən, tərəflər arasında qaz alınması haqda sazişin imzalanması məqsədilə danışıqların başlanması Azərbaycan və Suriyan energetika nazirlərinin martın 3-də imzaladıqları xüsusi sənəddə öz əksini tapıb.

Bununla əlaqədar, aprelin 20-də Azərbaycandan hər il 1-1,5 milyard kubmetr qaz alqı-satqı müqaviləsinin əsas prinsipləri üzrə saziş layihəsinin paraflanması üçün Azərbaycan və Suriya işçi qrupunun görüşü keçirilib. Saziş 2011-ci ilin ortalarından 2020-ci ilədək olan dövrü əhatə edir və sonralar hər iki tərəfin təşəbbüsü ilə müddət daha 5 il uzadıla bilər.

- Azərbaycandan qazın hansı marşrut üzrə alınacağı ehtimal olunur? Onun digər ölkələrə tranziti planlaşdırılırmı?

- Azərbaycan qazının Suriyaya nəqlinin Suriya - Türkiyə sərhədində işə salınacaq Türkiyə qaz kəməri vasitəsilə həyata keçiriləcəyi güman olunur. Gələcəkdə digər ərəb ölkələri tərəfindən Azərbaycan qazının alınması haqda saziş imzalanarsa, vahid ərəb boru kəməri ilə ərəb ölkələrinə qaz satışının həyata keçirilməsi üçün Suriya qaz kəmərindən istifadə oluna bilər.

- Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin səfəri zamanı birgə müəssisələrin yaradılması haqda məsələyə baxılıb. Bu birgə müəssisələr energetikanın hansı sahələrində işləyə bilər?

- İyunun 29-30-da Bakıda iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə üzrə hökumətlərarası komissiyanın ilk iclası keçirilə bilər. Neft-qaz sənayesi sahəsində birgə şirkətlərin yaradılması imkanları öyrənilir. Ehtimal olunur ki, bu müəssisələr Suriya və ya Azərbaycanda, eləcə də bu ölkələrin hüdudlarından kənarda işləyəcək. Şirkətlərin işi neft və qaz yataqlarının kəşfiyyatı və inkişafını, neft-qaz servis xidmətlərinin göstərilməsində əməkdaşlığı nəzərdə tutur. Azərbaycan və Suriya tərəfləri arasında bu şirkətlərin yaradılma mexanizmlərinin müəyyən edilməsi üçün birgə sazişin imzalanması imkanlarına da baxılır.

- Suriya enerji sahəsində Azərbaycanla təcrübə mübadiləsində nə dərəcədə maraqlıdır?

- Azərbaycan - Suriya hökumətlərarası komissiyasının işində neft-qaz sahəsində bilik və təcrübə mübadiləsi imkanlarının müzakirə edilməsi nəzərdə tutulub. Həmçinin, bu, suriyalı kadrların hazırlanması üçün Azərbaycanda mövcud tədris müəssisələrindən istifadə edilməsini nəzərdə tutur. Eyni zamanda, enerji sahəsi də daxil olmaqla, elm sahəsində əməkdaşlıq müzakirə olunacaq. Bütün bunların hər iki ölkənin institut və araşdırma mərkəzlərinin əməkdaşlığı yolu ilə həyata keçirilməsi nəzərdə tutulub.

İclas zamanı ikiqat vergitutmadan yayınma sahəsində, fövqəladə vəziyyətlər üzrə orqanlar arasında sazişlərin, şəhərlərin mühafizəsi sahəsində Anlaşma Memorandumunun və digər sənədlərin imzalanacağı gözlənilir.

Eləcə də iqtisadiyyatın sahələri, kənd təsərrüfatı, səhiyyə, turizm, təhsil, mədəniyyət və bank əməkdaşlığı üzrə bir sıra mövzular müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti