...

ARDNŞ Xəzərdə neft-qaz yatağında sualtı kommunikasiyaların yerini dəyişir

Energetika Materials 27 İyul 2010 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir E.İsmayılov/

ARDNŞ ikibloklu qaz-lift platformasının quraşdırılması üçün "Günəşli" yatağının dayaz hissəsindəki dəniz infrastrukturu və kommunikasiyanın yerini dəyişir. Bu barədə çərşənbə axşamı ARDNŞ-dəki mənbə bildirib.

Onun sözlərinə görə, hər iki blok artıq yatağa göndərilməyə hazırdır. Bloklardan biri Heydər Əliyev adına Dərin Özüllər Zavodunda, ikincisi isə 1990-cı illərdən bəri istifadə olunmayan "Günəşli-20" dirək blokunun əsasında tikilib. Tikinti işlərinin yubanmasına başlıca səbəb meydançada yaranan problemlərdir. Bu problemlər burada dəniz infrastrukturunun və sualtı boru kəmərlərinin olması ilə əlaqədardır.

"Hazırda kommunikasiyaların köçürülməsi üzrə işlər aparılır. İşlərin başaçatma müddəti barədə danışmaq çox çətindir. Köçürülmə prosesi başa çatan kimi bloklar dənizə göndəriləcək", - mənbə deyib.

Platforma "Günəşli" yatağında suyun 90-92 metr dərinliyində, mövcud "Günəşli-4" platformasının 50 metrliyində quraşdırılacaq. Platformalar öz aralarında piyada körpüsü ilə birləşdiriləcək. Layihəyə əsasən, sosial infrastruktur yaşayış bloku və yeməkxanadan ibarətdir. Ehtiyat qazma və vertolyot meydançaları hər iki platforma üçün ümumi olacaq.

Yeni platformanın yuxarı tikililəri texniki ehtiyaclara xidmət edəcək. Orada səkkiz aqreqatdan ibarət yeni qaz-lift stansiyası tikiləcək. Bu stansiyanın köməyi ilə 125 atmosfer təzyiqli qaz plastlara vurulacaq.

Yuxarı tikililər - kompressor stansiyası və bütün sənaye infrastrukturu xaricdə layihələşdiriləcək və istehsal ediləcək.

Yeni platformanın hidrotexniki dirək layihəsi ARDNŞ-nin "Neftqazelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanıb.

Xəbər lenti

Xəbər lenti