...

2011-ci ilin martına qədər Azərbaycan və Türkiyə qaz məsələləri barədə razılığa gələcəklər - ARDNŞ prezidenti

Energetika Materials 1 Sentyabr 2010 18:39 (UTC +04:00)

Аzərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir E.İsmayılov/

Gələn il martın 31-dək ARDNŞ və Türkiyənin "Botaş" boru kəməri şirkəti Azərbaycan qazının Türkiyəyə satışı və bu ölkənin ərazisi vasitəsilə tranziti çərçivəsində bütün lazımi sənədləri imzalayacaqlar. Bu barədə çərşənbə günü ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, üç sənədin imzalanması nəzərdə tutulub: Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsində qazın alışı və satışı, tranzit sazişi və "Şahdəniz"in birinci mərhələsində qazın qiymətinin dəyişməsi üzrə saziş.

Hazırda sənədlərin hazırlanması üzrə texniki işlər gedir.

İyunun əvvəllərində Azərbaycan ilə Türkiyə arasında "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində Azərbaycan qazının Türkiyəyə nəqli qiymətləri, layihənin ikinci mərhələsi çərçivəsində qazın qiymətinin dəyişməsi, həmçinin Türkiyə ərazisi vasitəsilə Azərbaycan qazının tranziti haqqında sənədlər imzalanıb.

Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzlanıb. Layihə iştirakçıları bunlardır: bp (operator) - 25,5 faiz, "Statoil Hydro" - 25,5 faiz, NICO - 10 faiz, "Total" - 10 faiz, "LukAgip" - 10 faiz, TPAO- 9 faiz, ARDNŞ - 10 faiz. Bu yataqda ümumi qaz ehtiyatı 1,2 trilyon kubmetr həcmində qiymətləndirilir.

Bu yatağın işlənməsinin I mərhələsi çərçivəsində 8,6-9 milyard kubmetr həcmində qaz hasilatı planlaşdırılır. Proqnozlara görə, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatının həcmi ildə 25 milyard kubmetr təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti