Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir E.İsmayılov/
ВР şirkəti 2011-ci ildə Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının irimiqyaslı işlənməsi çərçivəsində həyata keçirilən SDX-06 qiymətləndirmə quyusunun başa çatdırılmasını planlaşdırır. Bu barədə ВР-nin üç rübün yekunu üzrə hesabatında deyilir. Quyunun layihə dərinliyi 6272 metrdir.
Neft-qaz bazarındakı mənbənin dediyi kimi, hazırda yeni quyunun dərinliyi dörd min metrdən çoxdur. Quyu "İstiqlal" yarımdalma qazma qurğusu vasitəsilə aparılır. Bu quyu ikinci mərhələ çərçivəsində qazılması planlaşdırılan digər quyular kimi sualtı vurulma quyusudur.
Hesabatda deyildiyi kimi, SDX-06 quyusu "Şahdəniz" yatağının şimal hissəsində yerləşir. Onun qazılması yatağın irimiqyaslı işlənməsi planına kömək etmək məqsədilə qiymətləndirmə işləri çərçivəsində aparılır.
"Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində hasilatın ən yüksək həddi 8,6 - 9 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır. Proqnozlara görə, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatı həcmini ildə daha 16 milyard kubmetrədək çatdırmaq mümkün olacaq.
"Şahdəniz" yatağından hasil olunan qaz Gürcüstana və Türkiyəyə nəql olunur. Layihə çərçivəsində qazın bir hissəsini Azərbaycan da alır.
"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.
"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5%, Statoil - 25,5%, NICO - 10%, Total - 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%.