Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir A.Axundov /
Yaxın 10 ildə Azərbaycan Türkiyədə ən iri sərmayədar olacaq. Bu barədə bazar ertəsi "Socar & Turcas" şirkətinin icraçı direktoru və Petkim neft-kimya kompleksinin İdarə Heyətinin üzvü Kənan Yavuz bildirib.
"Türkiyə xammala tələbat hiss edir, Azərbaycana isə dünya bazarına çıxmaq lazımdır. Türkiyə Çindən sonra ən cəlbedici daxili bazara malikdir", - "Milliyyət" qəzeti Yavuzun dediklərindən sitat gətirir.
Onun sözlərinə görə, "Socar&Turcas" və Petkim 2015, 2020 və 2040-cı illərədək birgə strateji plan hazırlayıblar.
"2015-ci ilədək "Socar&Turcas" və Petkimin birgə investisiyaları beş milyard dollar təşkil edəcək. 2020-ci ildə Petkim Türkiyədə ən iri sənaye istehsalçısı olacaq. 2030-cu ildə istehsalat həcmləri üzrə biz Avropada birinci "onluğ"a düşməyi planlaşdırırıq", - Yavuz deyib.
Bundan əvvəl ARDNŞ-nin Xarici İnvestisiyalar İdarəsinin rəhbəri, Petkim neft-kimya kompleksinin Direktorlar Şurasının sədri Vaqif Əliyev deyib ki, ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Petkim kompleksinə sərmayələrin yatırılmasını planlaşdırır. Onun sözlərinə görə, 2023-cü ilədək "SOCAR-Turcas" Petkim neft-kimya kompleksinin inkişafına 20 milyard dollaradək sərmayə qoymağı nəzərdə tutur.