...

ARDNŞ-nin Ukraynadakı layihələri genişlənəcək - prezident

Energetika Materials 15 Dekabr 2010 07:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr /Trend/

Dekabrın 14-də ARDNŞ prezidenti Rövnəq Abdullayev Azərbaycanda səfərdə olan Ukraynanın yanacaq və enerji naziri Yuri Boykonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Bu barədə şirkətin yaydığı məlumatda bildirilib.

Qonağı səmimi salamlayan Abdullayev Ukrayna ilə Azərbaycan arasında yüksək səviyyəli siyasi, iqtisadi və elmi-mədəni münasibətlər qurulduğunu söyləmiş, bu münasibətlərin inkişafına dövlət başçıları səviyyəsində diqqət göstərildiyini xüsusi qeyd etmişdir. O, Azərbaycan neft-qaz sənayesinin son illərdə qazandığı uğurlardan danışaraq, ölkədə həyata keçirilən regional enerji layihələri haqda məlumat vermiş, Azərbaycan Dövlət Neft Şirkətinin fəaliyyətindən ətraflı söz açmışdır. O, Azərbaycanın və region ölkələrinin enerji tələbatını tam həcmdə ödəyən bu layihələrin hazırda Avropada enerji təhlükəsizliyinin təmin edilməsi baxımından böyük perspektivə malik olduğunu bildirmişdir.

Azərbaycanın müəllifi olduğu qlobal əhəmiyyətli layihələrin Ukraynada diqqətlə izlənildiyini söyləyən qonaq təmsil etdiyi ölkənin Azərbaycanla enerji sahəsində sıx əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırmışdır. İnkişaf edən ikitərəfli münasibətlərdə hər iki dövlət başçısının rolunu xüsusi vurğulayan Ukraynanın yanacaq və enerji naziri bu münasibətlərin ilk öncə iqtisadi əməkdaşlığa söykəndiyini məmnunluqla qeyd etmişdir. Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna enerji bazarına inamla daxil olduğunu bildirən  Boyko ARDNŞ-nin bu ölkədə yanacaqdoldurma məntəqələri şəbəkəsinə sahib olmasını ölkələrimiz arasında qurulan sıx tərəfdaşlıq münasibətlərinin təcəssümü kimi qiymətləndirmişdir. O, öz ölkəsi ilə Azərbaycan arasında neft-qaz sənayesi sahəsində əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu söyləmişdir.

Xoş sözlərə görə qonağa təşəkkürünü bildirən Abdullayev ARDNŞ-nin Ukraynada həyata keçirəcəyi investisiya layihələrinin gələcəkdə genişlənəcəyini qeyd etmiş, Ukrayna-Azərbaycan enerji əməkdaşlığının bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini ifadə etmişdir. R. Abdullayev iki ölkə arasında yaranmış mehriban dostluq əlaqələrinin bunun üçün əlverişli imkanlar yaratdığını xüsusi vurğulamışdır.

Xəbər lenti

Xəbər lenti