...

Bu günlərdə AGRI layihəsi çərçivəsində birgə müəssisə qeydiyyatdan keçəcək

Energetika Materials 21 Dekabr 2010 18:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir E.İsmayılov/

"Azerbaijan-Georgia-Romanian Interconnector" (AGRI) layihəsi çərçivəsində birgə müəssisə cari ilin sonunda, gələn ilin əvvəlində Rumıniyada qeydiyyatdan keçəcək. Bu barədə çərşənbə axşamı ARDNŞ-dəki mənbə deyib.

Onun sözlərinə görə, həm Azərbaycan, həm də Gürcüstan birgə müəssisənin yaradılması çərçivəsində bütün lazımi sənədləri təqdim ediblər, lakin qeydiyyat prosesinin bir qədər yubanması Rumıniya qanunvericiliyindəki spesifik məqamlarla, eləcə də qarşıdan gələn bayramla (İsa peyğəmbərin mövludu və Yeni il) əlaqədardır.

"Prosesin bir qədər yubanmasına baxmayaraq, şirkətin qeydiyyatdan keçməsi bu həftənin sonuna, gələn həftənin əvvəlinə gözlənilir", - mənbə qeyd edib.

Bundan əvvəl mənbənin dediyi kimi, müəssisənin tərkibinə bu layihəyə böyük maraq göstərən Macarıstan tərəfinin daxil olması artıq birgə müəssisə qeydiyyatdan keçdikdən sonra baş tutacaq. Bu qərar ona görə qəbul edilib ki, müəssisənin qeydiyyatdan keçmə prosesi yubanmasın.

Birgə müəssisə yeni layihənin texniki-iqtisadi əsaslandırması (TİƏ) və maliyyələşdirmə mənbələrinin axtarışı ilə məşğul olacaq. Şirkət Rumıniyada yaradılır, iştirakçılar Azərbaycan, Rumıniya və Gürcüstan tərəfləridir.

TİƏ-nin hazırlanmasına yaxın vaxtlarda birgə müəssisə rəsmi qeydiyyatdan keçdikdən sonra başlayacaq.

AGRI layihəsinin gücü üç variantda nəzərdə tutulur - ildə iki milyard kubmetr qaz, beş milyard kubmetr və səkkiz milyard kubmetr. İlkin məlumatlara görə, layihənin gücündən asılı olaraq, onun dəyəri 1,2 milyardla 4,5 milyard avro arasında dövr edir.

Sentyabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan AGRI layihəsi üzrə Bakı Bəyannaməsini imzalayıblar.

Layihə Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahilində qaz kəməri üzrə nəqlini nəzərdə tutur ki, bu qaz da xüsusi terminalda mayeləşdirilərək, tankerlərlə Rumıniyanın Konstansa limanı terminalında nəql olunacaq. Gələcəkdə maye qaz təbii qaz halına gətirilərək, ölkə ərazisində mövcud olan qaz infrastrukturu vasitəsilə Rumıniya və digər Avropa ölkələrinin qaz tələbatını ödəmək üçün istiqamətlənəcək.

Xəbər lenti

Xəbər lenti