...

"Dragon oil" Azərbaycan vasitəsilə neft ixracını artırıb

Energetika Materials 24 Fevral 2011 15:13 (UTC +04:00)
2010-cu ildə Xəzər dənizinin Türkmənistan sektorunda neft hasil edən "Dragon Oil" beynəlxalq neft-qaz şirkəti Azərbaycan vasitəsilə satılan neftin 60 faizini ixrac edib.
"Dragon oil" Azərbaycan vasitəsilə neft ixracını artırıb

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir E.İsmayılov/

2010-cu ildə Xəzər dənizinin Türkmənistan sektorunda neft hasil edən "Dragon Oil" beynəlxalq neft-qaz şirkəti Azərbaycan vasitəsilə satılan neftin 60 faizini ixrac edib. 2009-cu ildə bu göstərici 10 faiz təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı şirkətdən bildirilib.

Ötən il şirkət tərəfindən cəmi 10,8 milyon ton neft satılıb ki, 2009-cu ildə bu rəqəm 10,5 milyon ton olub.

Ötən ilin iyulunda "Dragon oil" şirkətinin hasil etdiyi neftin Bakı-Tbilisi-Ceyhan neft kəmərilə nəql olunmasına başlanılıb. Türkmən neftinin BTC ilə nəqli "SOCAR Trading" ilə "Dragon oil" və Türkmənistanda neft hasil edən şirkətlərlə bağlanan müqavilə çərçivəsində həyata keçirilir.

"SOCAR Trading" şirkəti nefti Türkmənistandakı istehsalçılardan alır, onu Xəzər dənizi vasitəsilə Bakıyadək nəql edir. "BTC Co" şirkəti neftin bu həcmini BTC kəməri ilə nəql edir və Aralıq dənizindəki Ceyhan limanında onu "SOCAR Trading"ə təhvil verir.

"Dragon oil" Cənubi Xəzər hövzəsinin şərq sektorunda 80 milyon ton neft və 88 milyard kubmetr təbii qaz ehtiyatlarına malik "Çeleken" müqavilə meydanında fəaliyyət göstərir.

Türkmənistan hökumətilə PSA (məhsulun pay bölgüsü haqda saziş) 1999-cu ildə imzalanıb. Müqavilə sahəsinin ümumi ərazisi Ceytun, Ciqalıbek və Çelekenyanqummez yataqları da daxil olmaqla 950 kvadrat kilometr təşkil edir.
Bu müqavilə meydançasında neftin sübut edilən və güman edilən ehtiyatları 2010-cu il dekabrın 31-nə olan məlumata görə, 639 milyon barel təşkil edib. Bu göstərici 2009-cu il dekabrın 31-nə olan məlumata görə, 617 milyon barel olub.

Xəbər lenti

Xəbər lenti