...

"Petkim" XLPE istehsalını təşkil etməyi planlaşdırır

Energetika Materials 29 Mart 2011 15:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir E.İsmayılov/

2012-ci ildə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) iştirak payına malik olduğu Türkiyənin "Petkim" iri neft-kimya kompleksi naqillərin izolyasiyası zamanı istifadə olunan kimyəvi çapraz bağlı polietilenin (XLPE) istehsalına başlamağı planlaşdırır. Bu barədə Trend-ə "Petkim"dən məlumat verilib.

Məlumata görə, məhsulun bu növünün istehsal dəyərinin 660 dollar səviyyəsində olması planlaşdırılır. Məhsul istehsalının ümumi həcmi ildə 30 min ton nəzərdə tutulub.

Çapraz bağlı polietilen istehsalını sahmana salmaq üçün xərclənəcək vəsaitlərin ümumi həcminin 60 faizini Türkiyənin Texnologiyalar və yeniliklər sahəsində proqramların dəstəklənməsi İdarəsi ayıracaq.

Polietilenin bu növü naqil istehsalında əsas xammaldır. Türkiyədə kimyəvi məhsulların bu növünə daxili tələbat 18-20 min ton təşkil edir və idxala əsaslanır.

2008-ci ildə "SOCAR/Turcas Petrol/Injaz Projects" şirkətlər alyansı Türkiyənin "Petkim" neft-kimya holdinqində 51 faizlik səhm paketinin alınması üçün elan edilən tenderin qalibi olub. Buna görə alyansa 2,04 milyard dollar təklif edilib. Hazırda Türkiyə zəruri kimya məhsullarının 70-75 faizini idxal edir. "SOCAR/Turcas/Injaz"ın "Petkim"in inkişafına yatıracağı sərmayələr məhsul idxalını 30 faizədək azaltmağa imkan verəcək.

"Petkim Petrokimya Holdinq" plastik qablaşdırmalar, parçalar, PVC, yuyucu vasitələr istehsal edir və Türkiyədə bu məhsulların yeganə istehsalçısıdır. Şirkət məhsullarının ¼-ni ixrac edir.

Xəbər lenti

Xəbər lenti