...

Azərbaycan və Türkiyə qaz alqı-satqısı şərtlərini razılaşdırıb

Energetika Materials 30 Aprel 2011 13:09 (UTC +04:00)
Azərbaycan və Türkiyə Azərbaycan qazının alqı-satqısı məsələsini razılaşdırıb. Bu barədə Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə görüşünün yekunları ilə bağlı bildirib.
Azərbaycan və Türkiyə qaz alqı-satqısı şərtlərini razılaşdırıb

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir E.İsmayılov/

Azərbaycan və Türkiyə Azərbaycan qazının alqı-satqısı məsələsini razılaşdırıb. Bu barədə Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə görüşünün yekunları ilə bağlı bildirib. Trend-in məlumatına görə, xəbəri Türkiyənin "Anadolu" agentliyi yayıb.

"Anadolu" agentliyinin məlumatına görə, Yıldız deyib ki, artıq Azərbaycan qazının alqı-satqısına dair hökumətlərarası sazişin hissələri üzrə razılığa gəlinib. Lakin tərəflərə sazişin Azərbaycandan Türkiyə vasitəsilə qazın tranzitinə dair hissəsinin razılaşdırılması üçün vaxt lazımdır.

Yıldız mətbuat konfransında bildirib ki, tərəflər beş bənd üzrə danışıqlar aparırlar və hələ bütün məsələlər üzrə razılığa gəlməyiblər.

Nazirin sözlərinə görə, tərəflər arasında hökumətlərarası sazişə uyğun olaraq, qazın nəqlinə dair, alqı-satqı və qaz tranziti haqqında müaqavilə imzalanacaq. O qeyd edib ki, sazişlərdən bəziləri artıq təsdiqlənib, digərləri isə yaxın vaxtlarda təsdiqlənəcək.

"Biz hökumətlərarası sazişin prinsip və detalları haqqında razılığa gəlmişik. Alqı-satqı müqaviləsinə dair məsələləri razılaşdırmışıq. Tranzit üzrə müqavilə 130 səhifədən ibarət mətndir. Bizə onun üzərində işləmək üçün vaxt lazımdır", - Yıldız deyib.

Öz növbəsində, Natiq Əliyev bildirib ki, tərəflər arasında fikir ayrılıqları yoxdur. O qeyd edib ki, tərəflər məsələləri razılaşdıracaq və bundan sonra sənədləri imzalayacaqlar.

Azərbaycan qazının alqı-satqısına dair müqavilələr Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində qazın yeni qiymətlə alınmasını, eləcə də yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz alışını nəzərdə tutur. Azərbaycanla Türkiyə arasında artıq mövcud olan sazişə görə, sonuncu hər il "Şahdəniz" yatağından 6,6 milyard kubmetr həcmində qaz almalıdır.

"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qiymətləndirilir.

Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5%, Statoil - 25,5%, NICO - 10%, Total - 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

Öz növbəsində tranzit sazişi Azərbaycana öz qazını Türkiyə ərazisi vasitəsilə birbaşa Avropaya satışına imkan verir. Öz növbəsində, hazırda ölkə Cənub qaz dəhlizi çərçivəsində Avropaya qaz tədarükünə dair bir sıra layihələri nəzərdən keçirir.

Bir müddər əvvəl Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu tərəfindən "Cənub qaz dəhlizi haqında Birgə bəyannamə" imzalanıb.

Enerji tədarükünün mənbə və marştutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Xəbər lenti

Xəbər lenti