Azərbaycan, Bakı, 3 may /Trend/
Yanvar-aprel aylarında ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Novorossiysk limanından 710,86 min tona yaxın neft ixrac edib. Bu göstərici ötən ilin analoji dövründə 583,35 min ton olub. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin çərşənbə günü yaydığı məlumatda deyilir.
Məlumata görə, apreldə Novorossiysk limanından 169,32 min ton neft ixrac edilib. Bu göstərici 2010-cu ilin aprelində 134,57 min ton olub.
Ötən il ARDNŞ Novorossiyskdən 2,24 milyon ton neft ixrac edib. Bu göstərici 2009-cu ildə 2,5 milyon ton olub.
ARDNŞ tender əsasında Novorossiysk limanından Bakı-Novorossiysk kəməri ilə çatdırılan nefti satır. Şirkət öz vəsaitləri hesabına quruda və dənizdə hasil etdiyi xammalı, eləcə də Azərbaycanın quru yataqlarında işləyən birgə müəssisələr və əməliyyat şirkətlərinin xammalını satır.
Bakı-Novorossiysk kəmərinin operatoru 2007-ci ilin sonunadək ABƏŞ olub. O, sonradan bu funksiyanı ARDNŞ-yə verib.