Azərbaycan, Bakı, 5 may /Trend/
ARDNŞ-nin Xəzər Dəniz Neft Donanmasının gəmiləri unikal imkanlara malik olduğundan tez-tez xarici neft şirkətləri tərəfindən icarəyə götürülür. Bu günlərdə donanmanın "Zöhrab Vəliyev" mühəndis-geoloji gəmisi Xəzər dənizinin Qazaxıstan sektorunda yerləşən "Nursultan" sahəsinə yola düşüb. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin cümə axşamı yaydığı məlumatda deyilir.
Latviyanın "Morinjgeologiya" Səhmdar Cəmiyyəti ilə ARDNŞ-nin Geofizika və Geologiya İdarəsi arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, hazırda həmin ərazidə zondlaşdırma və sualtı qruntun, onun tərkibinin öyrənilməsi, habelə dərinsulu neft-qaz platformalarının, eləcə də digər iri obyektlərin quraşdırılması, yerləşdirilməsi zamanı sualtı qruntun tərkibini və yükgötürmə qabiliyyətini təyin etmək məqsədilə mühəndisi-geoloji tədqiqat işləri həyata keçirilir.
Geofizika və Geologiya İdarəsinin Kompleks Geoloji-Kəşfiyyat və Topoqrafiya İdarəsinin mütəxəssisləri tərəfindən "Nursultan" sahəsində 3 ədəd 30 metrlik, 1 ədəd 80 metrlik mühəndisi-geoloji quyunun qazılması və zondlama ilə 25 metrlik qazma işinin aparılması nəzərdə tutulub. Mütəxəssislər qazılmış quyulardan 9 ədəd nümunə götürərək tədqiq edəcəklər. Müqavilənin müddəti cari ilin sonuna qədərdir.
"Zöhrab Vəliyev" gəmisində mühəndisi-geoloji işlərin daha yüksək səviyyədə aparılmasını təmin etmək məqsədi ilə müasir geofiziki, geoloji və naviqasiya avadanlıqları quraşdırılıb. Bundan başqa, gəmidə neftçilərin yaşayışı və istirahəti üçün hər cür şərait yaradılıb.