Azərbaycan, Bakı, 23 may /Trend, müxbir E.İsmayılov/
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərkibinə daxil olan müəssisələrin balansındakı ərazilərdə yeni qanunsuz tikililərin sahibləri onları leqallaşdıra bilməyəcəklər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
"Yeni tikililərin sahiblərinin heç birinə müvafiq sənədlər verilməyəcək", - Abdullayev qeyd edib.
Onun sözlərinə görə, şirkət artıq beş ildir ki, həmin ərazilərdə çəkilişlər aparır və çəkilən materiallarda hansı tikililərin köhnə, hansılarının lap bu yaxınlarda tikildiyi aşkar şəkildə görünür.
Abdullayev bildirib ki, şirkət artıq beş ilə yaxındır ki onun balansında yerləşən ərazilərdə qanunsuz tikililərin sahibləri ilə mübarizə aparır. Bu məsələ mədənlərin ərazisindəki köhnə tikililərə aid deyil, onlardan bir çoxu hələ sovet dövründə tikilib.
Əsas mübarizə yeni qanunsuz tikililərin sahibləri ilə aparılır ki, onlar bələdiyyə və icra hakimiyyəti orqanlarının səhlənkarlığı üzündən istehsalat və hasilatın həyata keçirildiyi ərazilərdə tikinti işləri həyata keçirirlər.
Abdullayev onu da bildirib ki, mədən ərazilərində belə tikintilərin aparılması ilk növbədə həmin evlərdə yaşayan şəxslərin sağlamlığı üçün ciddi təhlükə doğurur.