...

"Azəriqaz" qeydiyyatı olmayan şəxsi evləri qazla təmin edəcək

Energetika Materials 27 May 2011 14:24 (UTC +04:00)
İstehlakçıların qazla təmin edilməsi məqsədilə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi qeydiyyatdan keçməyən şəxsi evləri qazla təmin edəcək.
"Azəriqaz" qeydiyyatı olmayan şəxsi evləri qazla təmin edəcək

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir E.İsmayılov/

İstehlakçıların qazla təmin edilməsi məqsədilə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi qeydiyyatdan keçməyən şəxsi evləri qazla təmin edəcək. Trend-in məlumatına görə, bu baradə cümə günü mətbuat konfransında İB-nin qaz təsərrüfatının istismarı şöbəsinin rəhbəri Vaqif Namazov deyib.

Onun sözlərinə görə, qeydiyyatdan keçməyən şəxsi evlərin qazla təmini üçün "Azəriqaz" ev sahiblərindən bələdiyyələrin arayışını tələb edir.

Namazov bildirib ki, son il yarım ərzində İB 25 min şəxsi evin qaz xətlərinə qoşulmasını təmin edib. Abşeron rayonu üzrə evlərin qaz xətlərinə qoşulması ilə bağlı müraciətlər 8 mindən çox olub. Bunun 90 faizə yaxını qeydiyyatdan keçməyən şəxsi evlərə aid olub.

Bundan əvvəl hökumət tərəfindən Azərbaycan ərazisində qazdan istifadə qaydaları təsdiq edilib. Namazovun sözlərinə görə, bu qaydalar qazpaylayıcıların və istehlakçıların hüquqlarını müəyyənləşdirdi. Qazpaylayıcıların əsas məsuliyyəti istehlakçıların müəyyən edilən rejimdə daimi, təhlükəsiz qaz tədarükü ilə təmin edilməsidir. Öz növbəsində, istehlakçıların əsas öhdəliyi istifadə edilən qaza görə vaxtında ödəniş etməkdir.

Namazovun sözlərinə görə, hazırda "Azəriqaz"ın yeni təkliflərindən biri sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin şəxsi hesablarına buraxılış gücü saatda 6 kubmetrədək olan sayğaclarla təmin edilməsidir.

Onun sözlərinə görə, qazdan istifadə zamanı bədbəxt hadisələrin qarşısının alınması üçün İstehsalat Birliyi quraşdırılan qurğulara ildə iki dəfə baxış keçirir, halbuki əvvəllər bu proses ildə bir dəfə keçirilib.

Namazov əlavə edib ki, qeyri-standart qaz qurğularından istifadə edən abonentlərin qazla təminatı dayandırılmalıdır, çünki onlar yalnız respublika ərazisində tətbiqi üçün müvafiq lisenziyası olan qurğulardan istifadə etməlidirlər.

Xəbər lenti

Xəbər lenti