...

Azərbaycan qazının Avropaya tədarükü barədə qərar tarixi əhəmiyyətli olacaq - Aİ-nin enerji məsələləri üzrə komissarı

Energetika Materials 8 İyun 2011 12:43 (UTC +04:00)
Avropa İttifaqının əsas məqsədi 2011-ci ildə Azərbaycanla qaz sahəsində uzunmüddətli əməkdaşlığa nail olmaqdır. Trend-in məlumatına görə, bu barədə Bakıda keçirilən mətbuat konfransında Aİ-nin enerji məsələləri üzrə komissarı Günter Ottinger bildirib.
Azərbaycan qazının Avropaya tədarükü barədə qərar tarixi əhəmiyyətli olacaq - Aİ-nin enerji məsələləri üzrə komissarı

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir E.İsmayılov/

Avropa İttifaqının əsas məqsədi 2011-ci ildə Azərbaycanla qaz sahəsində uzunmüddətli əməkdaşlığa nail olmaqdır. Trend-in məlumatına görə, bu barədə Bakıda keçirilən mətbuat konfransında Aİ-nin enerji məsələləri üzrə komissarı Günter Ottinger bildirib.

"2011-ci il Aİ ilə Azərbaycan arasında iqtisadiyyat, eləcə də qaz sahəsində uzunmüddətli əməkdaşlığın xeyrinə konkret qərar qəbul edilən ildir, [...] Avropa Komissiyası əsas məqsəd kimi artıq 2011-ci ildə uzunmüddətli əməkdaşlığa nail olmağı görür, bu əməkdaşlıq bütün tərəflər, o cümlədən Azərbaycan üçün sərfəli olmalıdır", - Ottinger deyib.

Onun sözlərinə görə, oktyabrın sonunda Azərbaycandakı "Şahdəniz" qaz-kondensat yatağını işləyən konsorsium tərəfindən yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində marşrutlarla bağlı yekun qərar qəbul olunacaq.

Öz növbəsində, Aİ bu ilin sonunadək "Nabukko" layihəsinin reallaşdırılması prosesinin sürətləndirilməsi məqsədilə bu layihədəki bütün məsələlərin razılaşdırılması üzrə iş aparacaq.

Ottinger qeyd edib ki, ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzər qazının Avropaya nəqli üzrə əsas tərəfdaşdır.

Öz növbəsində, Avropa şirkətləri ARDNŞ-yə Mərkəzi Avropada yaradılacaq yeni infrastrukturun iştirakçısı olmağı təklif edəcəklər.

Onun sözlərinə görə, hazırda Avropa Komissiyası "Nabukko" üçün bütün potensial qaz tədarükçüləri, eləcə də türkmən qazının Avropa bazarına çıxarılmasına dair paralel danışıqlar aparır.

Komissar bildirib ki, infrastrukturun yaradılması, yəni Xəzərin dibi ilə Türkmənistandan Azərbaycana Transxəzər qaz kəmərinin çəkilməsi mühüm əhəmiyyət kəsb edir. İraq-Türkiyə qaz kəmərinin tikintisilə bağlı da İraqla danışıqlar aparılır.

Ottingerin sözlərinə görə, Azərbaycan bu danışıqların müsbət gedişində maraqlı olmalıdır, çünki bu, "Cənub qaz dəhlizi" layihələrinin potensialını və tranzit əhəmiyyətini daha da artırmağa imkan verəcək.

Ottingerin qeyd etdiyi kimi, Avropaya qaz tədarükünə dair Azərbaycanın qəbul edəcəyi qərar tarixi əhəmiyyət daşıyacaq.

Xəbər lenti

Xəbər lenti