Azərbaycan, Bakı, 29 iyun /Trend/
İtaliyanın "Diemme S.P.A" şirkəti "Ekol Mühəndislik Xidmətləri" QSC-yə "Neftlə çirklənmiş torpaqların yuma üsulu ilə təmizləmə qurğusu"nu verəcək. Trend-in məlumatına görə, bu barədə QSC-nin çərşənbə günü yaydığı məlumatda deyilir.
Razılıq QSC-nin baş direktoru Ramil Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliyanın Luqo şəhərinə səfəri çərçivəsində əldə olunub.
Görüş zamanı "Diemme S.P.A"-nın mütəxəssisləri QSC rəhbərliyinə qurğunun iş prinsipini və texniki göstəriciləri haqqında ətraflı məlumat verib, qurğunun məhsuldarlığı, iqtisadi səmərəliliyi və texnoloji xüsusiyyətləri barədə danışıblar. Görüşdə qərara alınıb ki, "Diemme S.P.A" şirkətinin mütəxəssisləri Azərbaycana gələrək şəraitlə yerində tanış olsunlar və bu istiqamətdə ikitərəfli görüşlər davam etdirilsin.
Abşeron yarımadasında mövcud ekoloji problemlərin həlli üçün 2006-cı il martın 1-də yaradılan "Ekol Mühəndislik Xidmətləri" QSC-nin təsisçiləri ARDNŞ (51 faiz) və Lancer S.A. Services (49 faiz) şirkətləridir.