...

Azərbaycana "Chirag oil project" üçün ABŞ-dan üç iri generator gətiriləcək

Energetika Materials 11 İyul 2011 14:49 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti dörd ay ərzində "Chirag oil project" çərçivəsində Bakıya üç əsas enerji bloku gətirəcək.
Azərbaycana "Chirag oil project" üçün ABŞ-dan üç iri generator gətiriləcək

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (operatoru BP) dörd ay ərzində "Chirag oil project" ("Azəri-Çıraq-Günəşli" yataqlar blokunda neft hasilatının artırılması) çərçivəsində Bakıya üç əsas enerji bloku gətirəcək. Trend-in məlumatına görə, bu barədə BP-nin məlumatında deyilir. Müqavilənin ümumi dəyəri 50 milyon dollardır.

"Rolls Roys" şirkətinin istehsalı olan bloklar Maunt Vernondan (ABŞ) gətiriləcək və "Qərbi Çıraq" platformasının enerji ilə təmin olunması üçün "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda quraşdırılacaq.

İlk generator bloku Maunt Vernondan iyulda yola salınacaq və Rusiyanın daxili suları ilə oktyabrda Bakıya çatacaq.

Hər bir blokun maksimum gücü 27 meqavatdır. İki növ yanacaqla (neft və qazla) işləyən blokun çəkisi 185 ton təşkil edir.

"Chirag oil project" dənizin 170 metr dərinliyində qurulacaq yeni platformada "Qərbi Çırağ"ın tikintisini nəzərdə tutur.

"Chirag oil project" çərçivəsində tikinti işlərinin əksəriyyəti, o cümlədən əvvəlki layihələr üçün xaricdə tikilən platformanın buruq modulunun tikintisi Azərbaycanda həyata keçiriləcək.

"Chirag oil project" altı milyard dollar həcmində investisiyanı nəzərdə tutur.

AÇG-də neft hasilatının artırılması çərçivəsində tikiləcək yeni platformadan "Azeri Light" növlü neft hasilatının planlaşdırılan sutkalıq həcmi 183 min barel təşkil edəcək. Yeni platformadan səmt qazının gözlənilən sutkalıq həcmi 6,5 milyon kubmetri ötəcək.

Layihə çərçivəsində qabaqlayıcı qazma 2010-cu ilin birinci və 2012-ci ilin ikinci yarısını əhatə edəcək. Bu dövrdə qabaqlayıcı qazmanı "Dədə Qorqud" qurğusu aparacaq. Platformadan hasilata 2013-cü ilin sonunda başlamaq planlaşdırılıb.

Layihənin həyata keçirilməsi çərçivəsində 300 milyon barel neft hasilatı planlaşdırılır.

"Azəri-Çıraq-Günəşli" layihəsinin iştirakçıları aşağıdakılardır: BP (operator - 35,83 faiz iştirak payı), "Chevron" (11,27 faiz), AzACG (11,6 faiz), INPEX (10,96 faiz), "Statoil" (8,56 faiz), "ExxonMobil" (8 faiz), TPAO (6,75 faiz), "Itochu" (4,3 faiz), "Delta Hess" (2,72 faiz).

Xəbər lenti

Xəbər lenti