...

Yanvar-iyunda Azərbaycanın daxili bazarında neft məhsullarının satışı xeyli artıb

Energetika Materials 16 İyul 2011 10:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul /Trend/

Yanvar-iyunda Azərbaycanın daxili bazarına iki milyon tondan çox neft məhsulları çıxarılıb ki, bu da 2010-cu ilin analoji dövründəkindən 18,5 faiz çoxdur. Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Neft məhsullarının ümumi həcmindən 535,5 min ton daxili bazarda ən çox satılan avtomobil benzininin payına düşüb. Bu dövrdə benzin ötən ildəkindən 11 faiz çox satılıb. Azərbaycanın daxili bazarında 1 ton A-92 markalı benzinin topdansatış qiyməti (təchizata çəkilən xərclər və ƏDV daxil) 670 manat, A-95 markalı benzinin qiyməti isə 736 manat təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, yanvar-iyunda Azərbaycanın "Azpetrol" şirkəti realizə edilməsi üçün 206,7 min tondan çox, "LUKoil" 84,61 min ton, "SOCAR Petroleum" isə 138,7 min ton avtomobil benzini alıb.

Ötən aylarda daxili bazarda 506 min ton dizel yanacağı satılıb ki, bu da ötən ilin analoji dövr göstəricisindən 24 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton dizel yanacağının qiyməti (təchizata çəkilən xərclər və ƏDV daxil) 485 manat təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, "Azpetrol" bu həcmdən 112,84 min ton, "LUKoil" 53,13 min ton alıb. Bu dövrdə "SOCAR Petroleum" şirkətinə 111,32 min ton dizel yanacağı göndərilib.

Hazırda "Azpetrol" şirkəti Azərbaycanda 70 yanacaqdoldurma məntəqəsinə (YDM) malikdir, onlardan 66-sı benzindoldurma, 4-ü qazdoldurma stansiyasıdır. Yanacağın keyfiyyətinin yaxşılaşdırılması, yanacaqdoldurma məntəqələrinin fasiləsiz işinin təmin olunması və müştərilərə göstərilən xidmətin yaxşılaşdırılması məqsədilə 1999-cu ildə beynəlxalq standartlara cavab verən, ümumi tutumu 7 min ton olan neft bazası və avtopark istismara verilib. Hazırda "Azpetrol"un avtoparkında şirkətin yanacaqdoldurma məntəqələrini yanacaqla təmin edən tutumu 17 tondan 42 tonadək olan 110 benzindaşıyan maşın var. Ölkədəki YDM-lərin təxminən 15 faizi "Azpetrol"a məxsusdur, bazarın müvafiq sektorunda şirkətin payı 50%-dən çoxdur.

Hazırda "SOCAR Petroleum" şirkəti Bakıda altı yanacaqdoldurma məntəqəsinə malikdir. ARDNŞ Azərbaycanda 26-30 yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır.

Hesabat dövründə daxili bazarda 119,1 min ton yanacaq mazutu reallaşdırılıb ki, bu da 2010-cu ilin analoji dövr göstəricisindən 19,3 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton M-40 mazutunun qiyməti (təchizata çəkilən xərclər və ƏDV daxil) 100 manat təşkil edir.

Bu dövrdə 254,2 min ton təyyarə yanacağı satılıb ki, bu da 2010-cu ilin analoji dövr göstəricisindən 8,2 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton təyyarə yanacağının qiyməti (təchizata çəkilən xərclər və ƏDV daxil) 307 manatdır.

Bu dövrdə daxili bazarda 94,1 min ton neft bitumu satılıb. Bu, 2010-cu ilin analoji dövr göstəricisindən 1,5 faiz çoxdur. Azərbaycanın daxili bazarında BN 60/90 markalı bitumun 1 tonunun (təchizata çəkilən xərclər və ƏDV daxil) qiyməti 160 manatdır.

Yanvar-iyunda daxili bazarda 74,7 min ton maye qaz (LPG) satılıb ki, bu da 2010-cu ilin analoji dövr göstəricisindən iki dəfə çoxdur.

Daxili bazarda 434,9 min ton həcmində digər neft məhsulları satılıb ki, bu da 2010-cu ilin yanvar-iyunundakı göstəricidən 24,9 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti