...

Azərbaycan alternativ enerji sahəsində Fransa ilə əməkdaşlıq etmək niyyətindədir

Energetika Materials 15 Sentyabr 2011 17:24 (UTC +04:00)
Azərbaycan sənaye və alternativ enerji sahəsində Fransa ilə əməkdaşlığın inkişafında maraqlıdır.
Azərbaycan alternativ enerji sahəsində Fransa ilə əməkdaşlıq etmək niyyətindədir

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan sənaye və alternativ enerji sahəsində Fransa ilə əməkdaşlığın inkişafında maraqlıdır. Bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Fransanın energetika, sənaye və rəqəmli iqtisadiyyat naziri Erik Bessonla Parisdə görüşü zamanı deyib. Bu barədə Trend-ə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov məlumat verib.

Görüş zamanı neft və qaz sahələrində Azərbaycanla Fransa arasında əməkdaşlığın hazırkı durumu və inkişaf perspektivlərinə dair fikir mübadilələri aparılıb. Erik Besson Azərbaycan ilə Fransa arasında neft və qaz sahəsində mövcud olan əməkdaşlığı və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın xüsusi rolunu yüksək qiymətləndirib.

Öz növbəsində, Natiq Əliyev Fransanın "Total" və "Gas de France" şirkətlərinin Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə birgə ötən həftə "Abşeron" yatağında əldə etdikləri uğurlu araşdırmaların nəticəsinin Azərbaycanla Fransa arasında enerji sahəsində yeni əməkdaşlıq səhifəsi açacağını bildirərək, həm ARDNŞ həm də Fransa şirkətlərini bu münasibətlə təbrik edib.

Yatağın ehtiyatalrı 350 milyard kubmetr qaz və 45 milyon ton kondensatdır.

Görüşün sonunda Natiq Əliyev fransız həmkarını Azərbaycana səfər etməyə dəvət edib.

Azərbaycanın Sənaye və Energetika Nazirliyi yanında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi fəaliyyət göstərir.

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri sahəsində ilkin araşdırmalar üçün bir milyon manat ayrılıb. Habelə, bu sahədə pilot layihələrin həyata keçirilməsi üçün dövlət büdcəsindən 40 milyon manat ayrılıb.

Xəbər lenti

Xəbər lenti