Azərbaycan, Bakı, 3 aprel /Trend/
Bolqarıstanın Baş naziri Boyko Borisov aprelin 26-27-də Azərbaycana səfər edəcək. Trend-in məlumatına görə, bu barədə Bolqarıstanın "Fokus" informasiya agentliyi xəbər verib.
Borisov bazar ertəsi Gürcüstanın Batumi şəhərində jurnalistlərə məlumat verib ki, Bakıda o, Azərbaycan hakimiyyətini özünün Avropaya qaz tədarükünün diversifikasiyalaşdırılması ideyası ilə tanış edəcək.
Onun sözlərinə görə, əgər Gürcüstan Kulevi limanında sıxılmış qaz terminalı tikərsə, Azərbaycandan qaz Gürcüstan və Qara dəniz vasitəsilə Bolqarıstan və daha sonra başqa Avropa ölkələrinə çatdırıla bilər.
Borisov onu da bəyan edib ki, özünün Azərbaycandan Bolqarıstana qaz tədarükü layihəsi haqqında Avropa Şurasının prezidenti Herman Van Rompeyə onun aprelin 25-də Sofiyaya səfəri zamanı məlumat verəcək.
Bolqarıstanlı Baş nazirin sözlərinə görə, Avropaya qaz tədarükünün yeganə real diversifikasiyalaşdırılması yolu Gürcüstanın Qara dəniz limanları vasitəsilə Azərbaycandan qazın Bolqarıstanın Varna və Burqas limanlarına nəqlidir.
Agentlik bildirib ki, hazırda Bolqarıstan Burqas limanında sıxılmış qaz terminalının tikintisinin texniki-iqtisadi əsaslandırılmasını hazırlayır.