...

Natiq Əliyev: Azərbaycan iri tranzit enerji mərkəzi ola bilər

Energetika Materials 10 May 2012 12:18 (UTC +04:00)
Azərbaycanın geosiyasi və geostrateji mövqeyi ölkəyə Avropa və Mərkəzi Asiya üçün nəzərdə tutulan enerji tədarükü üçün əsas tranzit qovşaq olmağa imkan verir.
Natiq Əliyev: Azərbaycan iri tranzit enerji mərkəzi ola bilər

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycanın geosiyasi və geostrateji mövqeyi ölkəyə Avropa və Mərkəzi Asiya üçün nəzərdə tutulan enerji tədarükü üçün əsas tranzit qovşaq olmağa imkan verir. Trend-in məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev "Business Year" jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan regional enerji təhlükəsizliyi üzrə qərarın qəbulunun əsas mərhələsindədir.

"Azərbaycanın əsas üstünlüyü şaxələnmiş boru kəmərləri şəbəkəsi və etibarlı nəqliyyat infrastrukturunun olmasıdır ki, bu da ölkənin Avropa və ABŞ üçün əsas enerji tərəfdaşı kimi mövqe tutmasına imkan verir", - Əliyev deyib.

Nazir qeyd edib ki, Türkiyənin şərq sərhədlərindən qərb sərhədlərinədək tikiləcək Trans Anadolu qaz kəməri (TANAP) Avropaya böyük həcmdə qazın nəqli üçün ilk belə irimiqyaslı layihə olacaq.

Onun sözlərinə görə, Azərbaycan 2011-ci ildə yeni iri qaz yataqlarının aşkar olunmasından sonra neft və qaz bazarının əsas oyunçularından biri kimi öz mövqeyini genişləndirib.

"200 milyard kubmetr qaz və 30-40 milyon ton kondensat ehtiyatına malik "Ümid" yatağının kəşfi yaxın 3-4 ildə istehsalın artmasına gətirib çıxaracaq. ARDNŞ bu yatağın işlənməsinə 5 milyard dollara yaxın sərmayə qoymağı planlaşdırır", - Əliyev deyib.

Bundan əlavə, onun sözlərinə görə, "Abşeron" yatağında da uğurlu tədqiqatlar aparılıb. İlkin məlumatlara görə, bu yataqda 350 milyard kubmetr qaz var.

Əliyev onu da qeyd edib ki, Azərbaycan dünyada ilk günəş-külək hibrid elektrik stansiyasının yaradılması üzərində çalışır.

"Ölkənin əlverişli coğrafi mövqeyi və iqlim şəraiti gələcəkdə bizə bərpa olunan enerji mənəblərinin payını artırmağa və ətraf mühitə mənfi təsirləri azaltmağa imkan verəcək", - nazir deyib.

O əlavə edib ki, yaxın illərdə Azərbaycan enerjiyə qənaət və ekoloji təhlükəsizlik siyasətinə yönümlülüyü dəstəkləyəcək.

Xəbər lenti

Xəbər lenti