...

"Azərikimya" İB ilə Almaniyanın GICON şirkəti arasında əməkdaşlıq davam etdirilir

Energetika Materials 29 May 2012 18:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /Trend/

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyində Almaniyanın GICON şirkətinin nümayəndələri ilə keçirilən növbəti müzakirələr Sumqayıtın kimya müəssisələrində çirkləndirilmiş ərazilərin təmizlənmə konsepsiyasının hazırlanması, görülmüş işlərə baxış keçirilməsi və həmin ərazilər haqqında məlumat bazasının yaradılması məsələlərinə həsr olunub.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, müzakirələrdə GICON şirkətinin mütəxəssisləri Bernt Şrayber və Yana Tsimer, Sumqayıt şəhəri üzrə ekspert Hartmut Yunge və layihə bürosunun rəhbəri Səkinə Məhərrəmova iştirak ediblər.

Alman mütəxəssislər bir həftə ərzində "Azərikimya" İB-nin müəssisələrində olub, Etilen-polietilen zavodunun rəhbərliyi və ekologiya üzrə mütəxəssisləri ilə birlikdə müəssisə ərazisində ekoloji vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar bütün istehsalat sahələrində müşahidə-tədqiqat işləri aparıblar. GICON nümayəndələri ilkin olaraq Etilen-polietilen zavodunda fəaliyyəti dayandırılmış butadien istehsalatının ərazisi üzrə müvafiq məlumat toplusunu hazırlayaraq İB-yə təqdim ediblər. Bu işin davamı olaraq alman mütəxəssislər müqavilə müddəti ərzində çirklənmiş ərazilərin kadastrını hazırlayacaq və görüləcək tədbirlər planını tərtib edəcəklər. Sonrakı mərhələlərdə işləri "Azərikimya" İB-nin mütəxəssisləri davam etdirəcəklər.

Qeyd edək ki, 2011-ci ilin sentyabrında "Azərikimya" İB-də "Çirkləndirilmiş ərazilərdə təhlükə risklərinin qiymətləndirilməsi" mövzusunda üçgünlük konfrans keçirilib, İB və Almaniyanın GICON şirkəti arasında PPP (İctimai Özəl Əməkdaşlıq) layihəsi çərçivəsində 2 illik saziş imzalanıb. 1994-cü ildən fəaliyyət göstərən GICON dünyanın bir çox ölkələrində resursların işlədilməsi, enerji sərfi və xammalın hasilatında davamlılıq, ətraf mühitə qayğıkeş münasibət zəminində həyat səviyyəsinin yaxşılaşdırılması, həmçinin texnogen risklərin azaldılması istiqamətində yüksək səviyyəli xidmətlər göstərir.

Xəbər lenti

Xəbər lenti