Azərbaycan, Bakı, 6 iyun / Trend, müxbir A.Axundov /
Litva Azərbaycan qazını almaqda maraqlıdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Litvanın energetika naziri Arvidas Sekmokas bildirib.
"Biz Rusiyanın "Qazprom" şirkəti ilə əlaqələri dəstəkləməyə məcburuq, lakin bu münasibətlər heç də həmişə bərabərhüquqlu olmayıb. Ona görə də, biz bu asılılığa son qoymaq və bütün ölkələrlə bərabərhüquqlu münasibətləri inkişaf etdirmək üçün enerji resurslarını tədarük edə biləcək başqa ölkələrlə də əlaqələri inkişaf etdirməliyik. Bizim Azərbaycanla əməkdaşlığımız burada çox böyük rol oynaya bilər. Biz Azərbaycanın təbii qazının Litvaya tədarükünün mümkünlüyü barədə danışmalıyıq. Biz tədarüklərimizin diversifikasiyasında maraqlıyıq. Bu, hər iki ölkə üçün sərfəli ola bilər", - Sekmokas deyib.
Onun sözlərinə görə, bu, svap əməliyyatlar, yəni bu resursları Litvaya təkrar tədarük edəcək bir təchizatçıya çatdırma vasitəsilə həyata keçirilə bilər.
"Hazırda Litva təxminən 3-4 milyard kubmetr qaz istehlak edir. Ona görə də, biz təxminən belə həcmlər haqqında danışa bilərik. Güman edirəm ki, biz kiçik həcmlərdən başlaya bilərik, sonra isə artıq bazarın necə inkişaf edəcəyi görünəcək. Biz elə Azərbaycana danışıqları başlamaq üçün gəlmişik", - Sekmokas deyib.