...

Bakıda yeni qaz xətti çəkilir

Energetika Materials 23 İyul 2012 18:30 (UTC +04:00)
ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi Bakının Səbail rayonu ərazisində "Dalğa Plaza"nın yaxınlığında Neftçilər prospektindən keçməklə Yusif Səfərov küçəsinə qədər ərazidə yeni 315 mm-lik polietilen qaz kəmərinin çəkilişinə başlayıb.
Bakıda yeni qaz xətti çəkilir

Azərbaycan, Bakı, 23 iyul /Trend/

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi Bakının Səbail rayonu ərazisində "Dalğa Plaza"nın yaxınlığında Neftçilər prospektindən keçməklə Yusif Səfərov küçəsinə qədər ərazidə yeni 315 mm-lik polietilen qaz kəmərinin çəkilişinə başlayıb.

Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, həmin ərazidəki mövcud ortatəzyiqli 530 mm-lik yeraltı qaz xəttinin uzun müddət istismar edilməsi, bəzi hissələrinin korroziyaya uğraması ilə əlaqədar olaraq istehlakçıların təbii qazla təhlükəsiz və fasiləsiz təminatında problemlər meydana çıxır. Bu səbəbdən də həmin xəttin 3700 metrlik hissəsinin əsaslı təmir edilməsi, 315 mm-lik orta təzyiqli yeraltı qaz xəttinin çəkilməsi nəzərdə tutulub.

Yeni çəkiləcək xətdən şəhəri fasiləsiz təbii qazla təmin etmək üçün 5 hissədən (İçərişəhər, Musiqili Komediya Teatrı, eləcə də Səməd Vurğun, Rəşid Behbudov küçələri və Azadlıq prospekti) 200 mm-lik yeraltı polietilen qaz xətləri vasitəsilə qollar verilməsi planlaşdırılır. Görülən işlər nəticəsində şəhərin mərkəzi hissəsində əhali və digər kateqoriyalara aid istehlakçılara normativ təzyiqlə, keyfiyyətli və fasiləsiz təbii qaz verilməsi mümkün olacaq.

Qeyd edək ki, Neftçilər prospektində yol hərəkətinin intensivliyi səbəbindən uzun müddət mövcud yeraltı qaz kəmərində təmir və tikinti işlərinin aparılması mümkün olmayıb. Hazırda prospektin təmirə dayanmasından istifadə edilərək əsaslı təmir-bərpa işləri aparılır.

"Azəriqaz" İB əhalinin nəzərinə çatdırır ki, işlər aparılan müddətdə alternativ mənbələrdən istifadə olunacaq və qaz təchizatında fasilələr yaranmayacaq.

Xəbər lenti

Xəbər lenti