Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyi (İB) Azərbaycanın bütün regionlarının qazla təchizatının yaxşılaşdırılması və qazlaşdırma səviyyəsinin artırılması üzrə proqramın reallaşdırılması üçün bütün qüvvələri səfərbər edib. Bu barədə Trend-ə çərşənbə günü ARDNŞ-dəki mənbə bildirib.
Onun sözlərinə görə, köhnə qaz xətlərinin dəyişdirilməsi və yenilərinin çəkilməsi işləri ölkənin bütün regionlarında aparılır.
"2013-cü ildə ölkə üzrə qazlaşdırma səviyyəsinin 95 faizə çatdırılması üçün bütün işlər aktiv templə aparılır. Qazlaşdırma proqramının həyata keçirilməsi üçün bütün zəruri texnika və mexanizmlər, həmçinin işçi qüvvəsi cəlb olunub", - mənbə qeyd edib.