Azərbaycan, Bakı, 21 dekabr /Trend/
Bu gün Tərtər və Lənkəran rayonlarının daha 7 kəndinə təbii qaz verilib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Tərtər rayonunun Səhlabad və Əskipara kəndlərinə təbii qazın bərpası münasibətilə keçirilmiş tədbirdə bildirilib ki, 594 abonenti olan Səhlabad və Əskipara kəndlərinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 34 000 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 594 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb, hər bir mənzilə PQ-4 tipli qaz sobaları verilib.
Həmin gün Lənkəran rayonunun Səpnəkəran, Şürük, Türkəkəran, Daşdalıqcar və Moğonojoba kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə qeyd olunub ki, birpilləli sistem əsasında 340 abonenti olan Səpnəkəran kəndinin qazlaşdırılması üçün 15 080 metr, 360 abonenti olan Şürük kəndinin qazlaşdırılması üçün 11265 metr, 350 abonenti olan Türkəkəran kəndinin qazlaşdırılması üçün 11 267 metr, 250 abonenti olan Daşdalıqcar kəndinin qazlaşdırılması üçün 10 125 metr və 160 abonenti olan Moğonojoba kəndinin qazlaşdırılması üçün 3967 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.