Azərbaycan, Bakı, 30 mart /Trend/
İsrail Aralıq dənizindəki yataqdan qaz almağa başlayıb. Trend-in RBK-ya istinadən verdiyi məlumatda deyilir ki, İsrailin energetika nazirliyinin məruzəsində Tamar yatağından ilkin qazın alınmasının mart ayının 30-da baş tutduğu vurğulanır.
Məlumatda deyilir ki, qaz kəməri vasitəsilə mavi yanacaq günün sonunda materikə çatacaq.
Sözügedən qaz yatağının işlənilməsi 2009-cu ildə başlayıb. Onun həcmi isə 8.5 trilyon kubmetrdir.
Qeyd edək ki, Tamar yatağı İsrail mütəxəssisləri tərəfindən Aralıq dənizində kəşf edilmiş yeganə qaz mənbəyi deyil. Həcmi 16 trilyon kubmetr olan digər yataq Leviafanın işlənilməsi 2016-cı ildə start götürəcək.
Ekspertlərin fikrincə, İsrailin enerji imkanları onun daxili tələbatının ödənilməsinə şərait yaradır, həmçinin, onun idxalçıdan ixracatçıya çevrilməsinə əsas verir.